“Neftçi” şokdadı. AZAL-a məğlubiyyətdən sonra 9 oyuna 9 xal toplayan komanda quyunun dibinə enib. Tənqid hədəfi olan komanda faktiki seytnota düşüb. Təcili silkələnmək, vəziyyətdən çıxmaq lazımdı, düşünmək üçün vaxt yoxdu.
“Təyyarəçilər”in layiqli qələbəsi öz yerində – heç kim Tərlan Əhmədovun yetirmələrinin zənbillə 3 xal hədiyyə aldığını iddia edə bilməz. Komanda çaışdı, vuruşdu və taktiki cəhətdən düzgün oynamaqla, rəqibin zəif cəhətlərindən yararlanmaqla arzusuna çatdı. 
İş “Neftçi”dədi. Uçurumun kənarında olan komanda faktiki uşaq-muşağın ümidinə qalıb.
Heç kim bugünkü komandanı Sadıq Sadıqovun vaxtındakı “Neftçi” ilə müqayisə etməsin. Ortada nəticə fərqi ilə yanaşı, büdcə fərqi də var. Başına milyonlar yağdırılan sabiq rəhbərlik bircə Nikolas Kanalesi belə saxlaya bilməyən indiki komandadan yalnız pulun gətirdiyi nəticələr baxımından üstündü. Ancaq indikilər də çox səriştəsizdi – “Neftçi” təcrübə meydanı, uşaqların ümidinə qalacaq klub olmamalıdı.
Mətbuat konfransında “Həyatımda ən böyük məyusluğumdu, karyeram boyu belə zərbə almamışdım” deyən Samir Əliyevi mən də heç vaxt belə görməmişdim. Gözləri ağlamaq üçün dolan baş məşqçi əsəbindən bəlkə də, ömrünün bir neçə ilini bir oyunla xərclədi. Xəcalət, əsəb, çarəsizlik – hamısı bir arada idi.
Komandanın heyəti, maliyyə durumu, futbolçuların imkanlarından qat-qat aşağı səviyyədə oynaması – bunlar hamısı öz yerində. Amma sadaladıqlarımın heç biri AZAL-a məğlubiyyətə əsas vermir. Çünki rəqib bütün komponentlərdə daha pis vəziyyətdədi. Oyunun nəticəsini həll edən, eləcə də bütün çatışmazlıqları kölgədə qoyan bircə amil var idi ki, "təyyarəçilər" məhz onun hesabına qalib gəldi. Xarakter – cümə günü qonaqlarda çatmayan, AZAL-da isə ən üst səviyyədə olan xüsusiyyət idi.
Jurnalistlərə açıqlama vermək, onların sualları qarşısında dayanmaq yaxşı xüsusiyyətdi. Amma şəxsən mən utanıb, yerə girərdim, Aqil Məmmədov, Ruslan Qurbanov, Kaue da Silva kimi az qala yarım saat müsahibə verməzdim, qaçmağa imkan axtarardım. Baxmayaraq ki, Ruslan müsahibə ərzində bir dəfə də olsa, başını qaldırıb üzümüzə baxmadı, xəcalət çəkdiyi aşkar hiss olunurdu.
“Neftçi” büdcə çatışmazlığını, maliyyə azlığını “gəncləşdirmə siyasəti” adı ilə gizlətməyə çalışır. Çingiz Abdullayevə də belə məğlubiyyətlər lazım deyil. İmkan olsa, 10 Flavinyo, 8 Vobay , 5 Kardozo alıb ilk mövsümdəcə nəticəyə çalışardı. Faktiki komandanın pulu yoxdu, Flavinyonun bir aya aldığı indi klubun yarım aylıq büdcəsidi. Komandanın azsaylı aparıcı oyunçularından Araz Abdullayev zədəli olanda, bir başqası cəzalı duruma düşəndə isə nəticə müəyyənləşir.
Samir Əliyevi qınamağa zərrə qədər əsas yoxdu. Hətta “Rəvan”da oynayacaq səviyyəsi olmayan Samir Məsimovla, Kaueylə, Əziz Quliyevlə hara getmək olar. “Sumqayıt”a, milli komandaya tapşırıqla götürülən, elə “Neftçi”yə də o cür gələn Məhəmməd Qurbanovun üzündən qonaqlar ilk yarını sanki azlıqda oynadı. Baş məşqçinin başqa seçimi də yoxdu: çünki komandada başqa hüçumçu yoxdu, alternativsiz futbolçular isə bu cür özbaşnalığa qadirdi.
Qış fasiləsinə kimi hələ bir dövrə də var. Samir Əliyev dişini-dişinə sıxıb bu zamanı keçirməlidi. Fasilə zamanı isə komanda əməlli*başlı güclənməlidi. Daha Meli, Filyo kimi ucuz və keyfiyyətsiz əcnəbilərlə yox, əsl döyüşçülərlə. Əks halda “Neftçi”nin indiki rəhbərliyinin də gələcəyi yaxşı olmayacaq. Müşahidə Şurasında ölkənin ən nüfuzlu adamları, baş məşqçi postunda ən dahi məşqçi olsa da. Narazı azarkeşlər hələ ki, hansısa yollarla susdurulur, amma sabah o da mümkün olmayacaq.
CAVAD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp