“Neftçi”nin qapıçısı Aqil Məmmədovun dünən Topaz Premyer Liqasının 9-cu turunun açılış matçında AZAL-dan 1:2 hesabı ilə aldıqları məğlubiyyətdən sonra verdiyi müsahibədə “təyyarəçilər”in rəhbərliyinin xoşuna gəlməyən məqamlar olub. Bu gün futbolinfo.az saytı ilə əlaqə saxlayan AZAL-ın mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov təmsil etdiyi klubun mövqeyini ortaya qoymaq istədi. Sizləri dünənki qələbədən sonra 8-ci pilləyə yüksələn klubun mövqeyi ilə baş-başa buraxırıq:
-"Aqil Məmmədovun dediklərinin bir hissəsi klubumuza qarşı təhqirdi. Əslində Samir Əliyev matçsonrası mətbuat konfransında oyuna real qiymət verib. Bir daha xatırlatmaq istəyirəm ki, “ağ-qaralar”ın baş məşqçisi futbolçuların formalarının haqqını vermədiklərini bildirib. Özü formanın haqqını verə bilməyən insanın AZAL-dan danışmağa ümumiyyətlə, haqqı yoxdu! Görünür “Neftçi”nin daxilində hansısa proseslər gedir. Ancaq konkret nəyin baş verdiyini söyləyə bilmərəm. Hər halda baş məşqçi deyirsə, deməli, formanın haqqını vermirlər.
Aqilin açıqlaması ilə bağlı daha bir məqama toxunmaq istəyirəm. Məmmədov hardan bilir ki, AZAL-da 5 aydı məvaciblər verilmir? Məgər o, bizim mühasibatlıqda işləyir? Bu, peşəkarlığa sığmayan açıqlamadı. 
Digər xoşagəlməz ifadəyə də toxunmaq istəyirəm:  “AZAL-dan alınan məğlubiyyət ölümə bərabərdi”. Bu cür açıqlamayla qapıçı bizim futbolçulara hörmətsizlik etmiş olur. Məgər “Neftçi” cari mövsümdə hamını qırıb-öldürmüşdü, bir AZAL qalmışdı? Komandaları 4 oyun idi ki, qələbə üzünə həsrət idi. İndi də oldu 5. Məmmədov komandanın kapitanıdı. “Neftçi”dəki problemləri araşdırsa, daha yaxşı olar. 
Ruslan Qurbanov millidə 2-3 oyun keçirib, amma dəhlizdə “gör kimə uduzduq”, deyir. Əgər kimə uduzduğunu bilmirsə, getsin yaxşı-yaxşı öyrənsin ki, onu məğlub edən kimlərdi! 
Bizim rəhbərlik səviyyəsində “Neftçi” ilə əla, dost münasibətlərimiz var. Klubun rəhbərliyi səviyyəsində ən tanınmış, nüfuzlu şəxsləri təmsil olunur. “Neftçi”nin idarəçiləri sırasında ən istedadlı gənclər, veteran futbolçular qərarlaşıb. İstəməzdik ki, kiminsə açıqlaması xoşagəlməz əhval yaratsın. Onlardan xahiş edirik, qapıçılarının, futbolçularının bu cür açıqlamalarına dair mövqelərini bildirsinlər".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp