Məlum olduğu kimi bu ildən Topaz Premyer Liqasının oyunlarını CBC Sport kanalı yayımlayır. Televiziya oyunların yayımının keyfiyyətli olması üçün bu işi Türkiyənin “Saran Holdinq” qurumuna həvalə edib. Artıq 2 aydan çoxdu ki, matçların çəkilşini, yayımını adıçəkilən holdinqin türkiyəli əməkdaşları yerinə yetirir. 2 ay az müddət deyil. Maraqlıdı, bu qədər vaxtdı ki, Azərbaycanda olan türkiyəlilərin ölkəmiz haqqında təəssüratları necədi? Ötən gün “AZAL Arena”da keçirilən AZAL – “Neftçi” matçını lentə alan həmin operatorlardan birinə yaxınlaşıb, söhbətləşmək qərarına gəldik:
– Adım Cihandı. Artıq 20 ildi operatorluq edirəm. 2 aydı Bakıdayıq və 9 turdu ki, oyunları çəkirik. İlk dəfədi Azərbaycana gəlirəm. 
– Qeyd etdin ki, 2 aydı buradasan. Burada olduğun müddətdə sizin üçün əsas problem yaradan amillər nədi? 
– Azərbaycan stadionların səviyyəsi çox aşağıdı, çəkilişlər vaxtı çox əziyyət çəkirik. Türkiyə Superliqası ilə müqayisə etsək, Azərbaycan çempionatının səviyyəsi yüksək deyil. Düzdü, “Qarabağ” və “Qəbələ” kimi yaxşı komandalar da var. Bunlara baxmayaraq, Bakı gözəl şəhərdi, bəyənirəm. Uzun müddətdi burdayıq deyə, çətinliklərimiz var. Amma buna da öyrəşmişik. 
– Demək olar ki, bütün stadionlarımızda olmusunuz. Çəkiliş aparamaq üçün ən rahat və ən əlverişsiz stadionlar hansıdı?
– Ən yaxşısı Bakı Olimpiya Stadionudu. Orada Azərbaycan – İtaliya matçınının çəkilişini aparmışıq. Bildiyimə görə, Avropanın ən yaxşı stadionlarından biridi. O ki, qaldı ən pis stadionlara, məsələn hazırda olduğumuz “AZAL Arena” elə də yaxşı vəziyyətdə deyil. Meydançanın 2 tərəfində tribuna yoxdu. Bundan başqa, “Sumqayıt” və “Zirə”nin  stadionları da yaxşı vəziyyətdə deyil. Stadionların bu vəziyyətdə olması keyfiyyətli çəkiliş aparmağımıza təsir edir. Ümumiyyətlə, əsas problemlərdən biri də azarkeş qıtlığıdı. 
– Azarkeşlərin az olması sizin işlərinizə də təsir edir?
– Əlbəttə, futbolu gözəlləşdirən cəhətlərdən biri də azarkeşlərdi. Onlar da olmayanda matç maraqsız keçir. Futbolçular da oyunundan zövq almaz, özlərinə çox əziyyət verməzlər. Hər şey bir-birinə zəncirvari bağlıdı. 
– Daha əvvəl Azərbaycan futbolu haqqında hansısa məlumata sahib idiniz?
– Buraya gəlməmişdən əvvəl Azərbaycan futbolu haqqında heç bir məlumatım yox idi. Hər şeyi burada öyrəndik. İndi “Neftçi”, “Zirə”, AZAL, “Qarabağ”, “Qəbələ” və digər komandaları daha yaxından izləyirik. Ən azı indi adını eşitdikdə “bəli, tanıyırıq” deyə bilirik. 
– Türkiyədə Azərbaycan futboluna maraq varmı?
– Türkiyədə Azərbaycan futbolu heç izlənilmir. Sadəcə, sizin futbol şərhçiləriniz tələffüzü bizimkilərdən fərqlənir deyə bu bizə qəribə gəlir. Ona görə də sizin şərhçilər qol epizodunu şərh edən vaxt maraqlı görüntülər “Youtube”də yerləşdirilir. Biz sadəcə, onları izləyirik. 
– Türkiyə çempionatı üçün darıxmısınız?
– Bəli, Türkiyə Superliqasından sonra burada Azərbaycan çempionatını səviyyə fərqinin çox olduğunu görmək olar. Amma Türkiyə çempionatını buradan da izləyirik. 
– Operator kimi yox, adi tamaşaçı kimi Bakıda olduğun müddətdə heç oyunları stadiondan izləmisənmi?
– Xeyr, baxmamışam. Avropa Liqasının oyunları vaxtı yoldaşlarımızdan bir neçəsi stadiona getmək istəsə də, sonradan fikirlərindən daşındılar. 
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp