Topaz Premyer Liqasının 1-ci dövrəsi sona çatdı. Dövrənin bitiminə 1 tur qalmış tarix ərzində güclülər dəstəsində məğlub olmayan yeganə komanda “Zirə” son turunda isə cari mövsüm yeniglinin nə olduğunu bilməyən “Qarabağ” “ağ bayraq” qaldırdı. Maraqlıdı ki, “Zirə”ni kapitulyasiyaya məhkum edən elə Ağdam təmsilçisi olmuşdu…
Ancaq son 2 mövsümün çempionu elə vaxt və elə yerdə büdrədi ki, heç kimin ağlına gəlməzdi. Turnir cədvəlinin zirzəmisində var-gəl edən “Sumqayıt”dan alınan məğlubiyyəti “Monako” şokunun davamı kimi də qələmə vermək olar.
Dövrənin son turunda “Qəbələ” də çempionatın debütantının müqavimətini qıra bilmədi. Amma burda “Zirə”nin öncəki turlarda iddiasını ortaya qoymağa bacardığını xüsusi qeyd etməyə dəyər. Hər halda Adil Şükürovun yetirmələri arxada qalan dövrədə barələrində xoş sözlər dedirtrməyi bacarıblar. Elə dövrənin şərhini də məhz “Zirə”dən başlamaq istəyirik.
Dövrənin… 
sürprizi
Topaz Premyer Liqasının startı öncəsi ən nikbin azarkeşi belə, 9 turdan sonra  “Zirə”nin passivində cəmi 1 məğlubiyyətin olacağını proqnozlaşdıra bilməzdi. İlk turlarda “dişsiz” ftubol sərgiləyən “qartallar”ın məğlubiyyətə düçar olmaması bəxt, rəqiblərin saymazyana münasibəti kimi qələmə verilirdisə, tədricən liderlər qrupuna daxil olmağı bacaran qəsəbəlilər ölkənin top-klublarına da başağrısı olmağı bacardılar. “Xəzər Lənkəran” və “Neftçi” üzərində qələbə, “İnter” və “Qəbələ”ylə əldə olunan heç-heçələr Şükürovun komandasının aktivinə yazılan oyunlardandı. Yalnız “Sumqayıt”la qolsuz bərabərliyi debütant üçün uğursuzluq adlandırmaq olar. Həmin qarşılamadan qonaqlar qalib ayrılsaydılar, indi turnir cədvəlinin 3-cü pilləsində qərarlaşmışdılar.
“həmişəbahar”ı
“Rəvan” Premyer Liqaya qaytarılan gündən komandanın neçənci yerdə qərarlaşacağından çox, Bəhmən Həsənovun nə vaxt komandanın baş məşqçisi təyin olunacağı müzakirə edilirdi. Ancaq 8-ci turdan sonra bu mövzu qapandı. “Həmişəbahar” Həsənov bu dəfə Emin Quliyevin istefaya göndərilməsindən sonra “aslanlar”ın “sükanı”nı qəbul etdi. Artıq 4-cü dəfədi ki, o, bu möhtəşəm kresloya sahib çıxır. “Rəvan” rəhbərliyi heç olmasa bayramdan-bayrama turir cədvəlinə nəzər yetirsə, daha yaxşı olar. Hələliksə “Rəvan” çempionatda qələbə üzünə həsrət qalan yeganə komandadı. Özü də son 6 turda “aslanlar”da aslanlıq qoyan olmayıb: gələn də döyüb, gedən də. Bu gedişlə Premyer Liqanı tərk etməyə ən real və alternativsiz namizəd elə Bəhmən Həsənovun komandası olacaq.
üzüntüsü
“Neftçi”də məlum dəyişikliklərdən sonra eniş yaşanacağı nə qədər gözlənilən olsa da, komandanın 1-ci dövrədən sonra cəmi 2 qələbəsinin olması, sonuncu dəfə 4-cü turda aktivinə 3 xal yazdırması, top fərqində mənfi saldoya sahib olması bütün proqnozları alt-üst etdi. Amma ilk baxışdan bütün bu nəticələr gözlənilməz olsa da, əslində büdcəsi kəskin şəkildə azaldılan kollektivdən bundan artığını gözləmək də olmazdı. “Ağ-qaralar”ın heyətində parlaq sima yoxdu. Ortabab legionerlər, təcrübəsiz gənclərlə nəyə ümid etmək olar ki? Komandanın büdcəsi qışda artırılmasa, Çingiz Abdullayevin “Dronqo”dan əldə etdiyi gəlirlə yüksək  hədəflərdən danışmağa dəyməz. Fakt budu ki, “Neftçi” cari mövsümdə avrokuboklardan dəm vura bilməz. Bugünkü heyət belə düşünməyə əsas verir. Komanda hansısa matçda parlaq futbol sərgiləyə bilər, amma sabit oyun haqda danışmaq, düşünmək yersizdi. Çünki “Neftçi”də liderliyi üzərinə götürən, komandanı arxasınca aparan yoxdu. Özü də hətta 1 sanballı transfer reallaşsa belə, bu, kifayət etməyəcək. Çünki həmin futbolçuya uyğun komanda yoldaşları mövcud deyil. Qısası, “ağ-qaralar”ın son ümidi qışadı. Hərçənd, o vaxta qədər medallara iddia edən komandalarla xal fərqi fantastik həddə çatsa, təəccüblü olmayacaq.
“bəzəy”i
“Üstü bəzək, içi təzək” – “Xəzər Lənkəran” məhz bu atalar misalına uyğun gəlir. Cənublular çempionluğa oynamalı komandadı. Amma nə fayda? “Ağ-yaşıılar”ın idarəediciləri komandanı elə kökə salıblar ki, ən sadiq azarkeşlərə, ən əzmkar baş məşqçiyə sahib komanda keçirdiyi 9 qarşılaşmada cəmi 8 qola imza atıb, vur-tut 2 qələbə qazanıb. Bu da gözlənilən idi. Mübariz Mənsimovun illərlə ətək-ətək tökdüyü pulu havaya sovuran Mais Mənsimov – Tuyqun Nadirov tandemi klubu elə vəziyyətə saldılar ki, indi UEFA və FİFA belə cənubluların adı gələndə “daş atıb, başın tutur”. Avropanın və dünyanın ali futbol qurumları “Xəzər Lənkəran”a dair futbolçuların şikayətlərindən təngə gəliblər. Yekun isə “göz oxşayır”: qışadək oyunçu transferi qadağan edilib. Mübariz Mənsimovun komandanı qaldırmaq üçün növbəti cəhdi də qardaşının özbaşnalığı, vitse-prezidentin mənafeyinin qurbanı yolunda “şəhid” oldu. Qışda Lənkəran klubu “Rəvan”ın kökünə düşsə təəccüblənməyin. Bu cür rəhbərləri olan klub elə bu kökə də düşməlidi.
“çoxal”ı
AZAL heç cür “çoxal”a bilmir. Çempionatın startından bəri baş məşqçi Tərlan Əhmədov pulsuzluqdan, şəraitsizlikdən gileylənir, amma əyləşdiyi kreslodan da əl çəkmir. Komandanın nə pulu çoxalır, nə xalı. İştirak naminə Premyer Liqada iştirak edən komandanın iddiası yoxdu. Nə yaxşı ki, “Rəvan” var imiş. Yoxsa turnir cədvəlində yuxarıdan aşağıya kimə baxardı çoxalmayan AZAL?! İlk baxışdan “Xəzər Lənkəran”, “Neftçi”, “Sumqayıt”la xal fərqi cüzi olan “Təyyarəçilər”in turnir cədvəlində 3-4 pilləlik sıçrayışa imza atmaq şansları var. Amma 9-cu turda “Neftçi”ylə oyun istisna olmaqla, digər görüşlərdə komandanın vizit kartı sadə olub: “vur-qaç”!
“nəzir qutusu”
“İnter”in sızlaması, ağlaması barədə dastan yazmaq olar. Ancaq ən təəccüblüsü budu ki, komanda əcnəbiləri toplamaq ənənəsinə sadiq qalmağı bacardı. “Pulumuz yoxdu” deyən klub Avropa Liqasının təsnifat mərhələsi zamanı çarter reysi üçün AFFA-ya da əl açdı. “Bankirlər”in heyətində oyunçu sayı da çoxdu. Özü də komandanın sıralarında adlarından söz etdirən isimlərin sayı kifayət qədərdi. Eyni zamanda, futbolçuların maaşları da gecikdirilmir. Bəlkə də? “Qəbələ” və “Qarabağ”dan savayı? maliyyə sarıdan korluq çəkməyən yeganə komandadı “İnter”. Bütün bu faktorların qarşısında Zaur Svanadzenin rəhbərlik etdiyi kollektivin ilk dövrədən sonra 3-cü pilləni “zəbt” etməsinə təəcüblənməyə dəyməz. Maaşlar vaxtında verilir, avrokuboklara görə mükafatlar da öz yerində. Futbolçunun “kəmərinin altı dolu” olduqdan sonra nəticə verməyə məhkumdu. Lap elə təlim-məşq toplantısı keçməsə belə. Kaxaber Tsxadadze getsə də, komandanın minimal qol sayı ilə qələbə qazanmaq mərəzi hələ də qalmaqdadı. “İnter” cəmi 8 qola imza atıb. Buraxdığı qolların sayı da buna münasibdi. Komanda cəmi 6 dəfə meydanın mərkəzinə dəvət olunub. Ancaq hətta 8 qol da kifayət edib ki, “bankirlər” 3-cü pillədə “lövbər” salsınlar.
“çölalması”
Bağda bəslənilən alma şirin, hamar, yeməli olur. Amma öz “xoduyla” yetişən alma turş, dadsız olur. “Kəpəz” də çempionatımızın “çölalması”dı. Gəncədə məşq etməyə şəraiti olmayan, gah Bakıda, gah Yevlaxda hazırlıq keçən komanda həm xoş təsir bağışlayır, həm uğurlu nəticələrə imza atır, həm də xeyli sayda azarkeş toplamağı bacarır. Bircə yiyəsi yoxdu. Daha doğrusu, kağız üzərin 1500 yiyəsi var, amma reallıq budu ki, baş məşqçi Şahin Diniyevin nəsibinə yenə də dişini-dişinə qıcıyıb, işləmək düşüb. Günlərin bir günü komanda uğursuzluq zolağına düşsə, Gəncənin icra başçısı Elmar Vəliyev komandanı ev oyunlarını Yevlaxda keçirməyə göndərsə, təəccüblənməyin. Evinin içində məşq etmək şəraiti olmayan, lakin nəticə verən komanda, azacıq büdrədikdə, çöllərə düşməyə məhkumdu.
Çempionatın “papaq altında yatan”ı
“Sumqayıt”a yetən yetirdi, yetməyən daş atırdı. 7 turdan sonra baş məşqçi dəyişikliyi baş verdi ki, Aqil Məmmədovun istefasından sonra “Gənclik şəhəri” təmsilçisi adının rəvayətə uyğun olaraq, bərpasına başladı və “Sum qayıt”dı. Samir Abasovlu komanda əvvəlcə “İnter”i “dişinə çəkdi” və yalnız bəxtsizıik qalib gəlməsini əngəllədi, ardınca isə “Qarabağ”ı evə əli ətəyindən uzun yola saldı. İndi sumqayıtlı futbolsevərlər 2-ci dövrənin başlamasını səbrsizliklə gözləyir. Çünki onlar üçün yeni məşqçinin gəlişi vulkan püskürtüsü kimi bir dirçəliş şansıdı. Kim bilir, bəlkə də Abasov futbolçu kimi qazana bilmədiyi uğurları baş məşqçi kimi əldə edəcək? Hər halda onun üçün başlanğıc sadəcə, möhtəşəmdi!
“ikisi bir boyda gəzən gözəl”i
Hələ Premyer Liqa start götürməmişdən son iki mövsümün çempionu “Qarabağ”ın əsas rəqibinin “Qəbələ” olacağını çoxları proqnozlaşdırırdı. 9 tur arxada qalıb və gözləntilər özünü doğrultmaqdadı. Komandaların topladığı xalların, qələbələrinin, vurduqları qolların sayı  eyni olması, çempionluq uğrunda mübarizənin gərgin keçəcəyindən xəbər verir.  Hazırda “Qəbələ” yalnız buraxılan qolların sayının az olduğuna görə Ağdam təmsilçisini arxada qoyur. Bu da yalnız simvolik qabaqlamadı. Qızıl medallar uğrunda mübarizə hələ qarşıdadı. Özü də hər iki komanda Avropa Liqası yürüşünü başa vurduqdan sonra (əlbəttə, istəyərdik ki, Avroliqanın finalında iki Azərbaycan klubu qarşılaşsın, amma bu yazı reallığa söykənib) bütün diqqətini mıhz Premyer Liqaya yönəldəcək və belədə, intriqa daha da artacaq. Hələliksə, sərgilədikləri futbola görə turnir cədvəlinin zirvəsindəki ikihakimiyyətliyi tam ədalətli adlandırmaq olar.
CEYHUN ƏLİYEV
Shares: