Ardıcıl 21 çempionat oyununda meydanı qolsuz tərk etməyən “Qəbələ”nin seriyası qırılıb. Futbolinfo.az xəbər verir ki, Roman Qriqorçukun yetirmələri Topaz Premyer Liqasının 9-cu turunun “Zirə” ilə qarşılaşmasında rəqib qapısına yol tapmayıb – 0:0.
2015-ci il fevralın 10-da ötən mövsümün “Simurq”la səfər görüşündə 0:2 hesabı ilə uduzduqdan sonra hər matçda fərqlənən “qırmızı-qaralar” bu müddətdə 42 qol vurmuşdu.
“Qəbələ” bu göstəricidə milli çempionatlar tarixinin 7-ci nəticəsini təkrarlayıb. Əyalət təmsilçisi “Kəpəz”in 1994-cü ildəki göstəricisinə şərik olub.
Milli çempionatların 23 illik tarixinin rekordu 1994-95-ci illərdə ardıcıl 33 oyun qol vuran “Turan”a məxsusdur. “Şəmkir” 28, “Neftçi” və “Kəpəz” 25 oyunluq qollu seriyaya məxsusdur. Bundan başqa, Gəncə təmsilçisinin 23, “ağ-qaralar”ın 22 matçlıq seriyası da var.