Bəlkə də tezdi. Ola bilər. Amma bunu indidən qabartmaqda məqsədimiz futbolçular, idarə heyəti üçün də əlavə stimulun yaranmasıdı. Söhbət Samir Abasovdan gedir. “Sumqayıt”ın əvəzedicilərindən əsas komandanın başına gətirilən sabiq yarımmüdafiəçi Topaz Premyer Liqasının son iki turunda 4 xal toplamağı bacardı. Onun rəhbərliyi altında 1 oyunu tribunadan izlədikdə, bir sıra maraqlı qeydlər etdim.
Abasova qədərki “Sumqayıt”da alov yox idi. Pul, şərait, ustalıq səviyyəsi zəif olanda, futbolçularda əzmkarlıq ön plana çıxmalıdı. Aqil Məmmədov psixoloji cəhətdən futbolçularını bundan artığına hazırlaya bilmirdi. Abasovlu dönəmdə ruh yüksəkliyi, köklənmə, motivasiya ən yüksək zirvəyə qalxıb. Samir bəyin rəhbərliyi altında “Gənclik şəhəri”nin təmsilçisinin ilk oyunu “İnter”ə qarşı idi. Yalnız möcüzə sayəsində paytaxt təmsilçisi səfərdən 1 xalı apara bildi. Elə baş məşqçiləri də mətbuat konfransında bunu kişi kimi etiraf etdi. Amma Abasov futbolçularının fərdi ustalıq səviyyəsini kiçiltməyərək, “onlardan bu oyun üçün istədiklərimi aldım” deməsi komandada nüfuzunu artırdı. Psixoloji cəhətdən oyunçu üçün ən vacib məqam budu ki, baş məşqçi ona güvənsin. Abasov da bunu ilk mətbuat konfransındaca ortaya qoydu. Sadəcə, bəxtsizlikdən gileyləndi. Aydın məsələdi ki, “Sumqayıt”ın uşaqları medallar uğrunda mübarizə aparan klubların futbolçuları ilə tərəzinin bir gözünə qoyula bilməz. Amma bir amil var ki, ustalıq səviyyəsini də arxa plana keçirə bilər – ƏZMKARLIQ.
Unutmayaq ki, təqvim bir tərəfdən yeni baş məşqçi üçün arzuolunmaz idisə, digər yandan yardımına çatdı. Əlbəttə, debütdə “İnter”, ardınca “Qarabağ”a qarşı oyuna çıxmaq çox, olduqca çox çətindi. Amma nəzərə alsaq ki, Abasov komandanı motivasiya hesabına oynadır, qıcıqlandırıcı rolunda bu rəqiblərdən yaxşısını arzulamaq olmazdı. Abasov yetirmələrini bu iki matça final görüşü kimi çıxarmağı bacardı. Onların istəkli, əzmkar, sürətli futbol oynamaq üçün alışıb-yanmaları yekunda bəhrəsini verdi.
İndi Abasovun qarşısında başlıca iki vəzifə var. Əvvəla, özü qeyd etdiyi kimi, komandasından sürətli futbol tələb edir. İkinci məqam isə, komandanı hər oyuna motivasiya etmək bacarığıdı. Məsələn, “Rəvan”a qarşı futbolçularını necə kökləyə biləcəyi olduqca maraqlı görünür. Eyni zamanda, “Qarabağ” üzərində qazanılan qələbədən sonra medallar uğrunda mübarizə aparan digər komandalar indi “Sumqayıt”a barmaqarası yanaşmayacaqlar. Belədə, Abasovun üzərinə daha böyük yük düşəcək.
Amma bu yüksəkliyi o, özü “sifariş verib”. İndi həm komandanın fanatları, həm rəhbərlik, həm də futbol ictimaiyyəti Abasovdan növbəti fədakarlıqları gözləyir. Ancaq bunun öhdəsindən gəlməyi bacarsa, məşqçilik karyerasının parlaq gələcəyi barədə danışmaq mümkün olacaq. Bunun üçünsə ilk növbədə mövsümü eyni notlarla davam etdirmək gərəkdi.
CEYHUN ƏLİYEV