Bu gün Topaz Premyer Liqasında X tura start verilib. Futbolinfo.az xəbər verir ki, "Neftçi" öz meydanında "İnter"lə 1:1 bərabərə qalıb.
"Bakcell Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Samir Əliyev heç-heçəni belə şərh edib:
“5 oyundur ki, qələbə qazana bilmirdik. Futbolçularda psixoloji problemlər yaranıb. Çalışdıq ki, bu gün yaxşı oynayıb, qara zolaqdan çıxaq. Təəssüflər olsun ki, yenə oyunun son dəqiqələrdinə qol buraxdıq. Ümumi götürsək, komanda pis futbol sərgiləmədi. Amma dediyim kimi, psixoloji problem var. Bu səbəbdən sona qədər qələbə hesabını qoruyub-saxlamağı bacarmadıq. Bizim qışa qədər olan məqsədimiz bu heyətlə çalışıb, mümkün qədər çox xal toplamaqdır. Qışda isə çatışmazlıqları aradan qaldırmaq üçün işlər görəcəyik. Bir qədər səbr eləmək lazımdır. Turnir cədvəlindəki yerimiz yaxşı olmasa da, gələcəyə ümidlə baxıram. Ümidim olmasaydı, burada qalmazdım”.