"İnter"in yarımmüdafiəçisi Nizami Hacıyev "Neftçi" ilə Topaz Premyer Liqasının 10-cu turundakı matçdan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb:
– Əvvəlcə oyun barədə fikirlərinizi bildirərdiniz…
– Çox çətin matç keçdi. Rəqib bir neçə oyundur ki, qələbə qazana bilmir. Onlar da bu matça istəkli çıxmışdılar. Amma oyunu yaxşı təhlil etdik və nəticə göz önündədir. Məncə, hesab da oyuna görə oldu və ədalətli nəticədir. “Neftçi”yə uğurlar arzu edirəm. Yaxşı komandadır və heyətində gənc futbolçular çoxdur. 
– Oyuna gec qoşulmağın zədənlə bağlı idi?
– Bəli. İki həftə Gürcüstanda müalicə olundum. Fikrimcə, Zaur Svanadze məni sonradan meydana buraxmaqla düzgün qərar verdi. Qola görə sevinirəm və gələcəkdə hər oyun əsas heyətdə meydana çıxmağı düşünürəm.
– Maliyyə vəziyyətiniz nə yerdədir?
– Sonuncu maaşı nə vaxt aldığımı xatırlamıram. Çətindir.
– Amma klub rəhbərliyi sonuncu aydan başqa bütün ayların maaşının verildiyini bildirib…
– Onlar kimə pul verirlər bilmirəm. Mənim maaş aldığım kart üstümdədir və gedək bir yerdə bankda yoxlayaq. Kartımda pul olsa, hamınızı qonaqlığa dəvət edəcəm. “İnter” yeganə klubdur ki, pulsuz futbol oynayır. Fikrimcə, indiki vəziyyətdə biz olmasaq, çempionata maraq lap az olar. Çünki istənilən rəqiblə başabaş mübarizə aparırıq. Azarkeşlər üçün meydana çıxırıq. Amma pulumuzu kimdən alacağımızı bilmirik. 
– Heç kim sizə konkret vaxt demir?
– Elə bir adam yoxdur ki, məsələni onunla aydınlaşdıraq. Rəhbər varsa, gəlsin desin ki, bu qədər pulsuz oynayın. Biz də bilək işimizi. Klubun rəhbərini tanısaydıq, sonumuzun nə olacağını soruşardıq. 
– Komanda belə nə qədər dözəcək?
– Başqa əlacımız yoxdur. Formada qalmaq üçün oynayırıq. Real təklif olsa, bu gün gedərəm.
Shares: