Şənbə günü baş tutacaq “Kəpəz” – “Qəbələ” oyunu Gəncədə keçirilməyəcək. Şəhərdə yağan güclü yağışdan sonra mərkəzi stadion yararsız hala düşdüyü üçün klub rəhbərliyi oyunun Bakıda keçirilməsinə qərar verib. Ancaq matç ikinci meydan kimi göstərilən “Dalğa Arena”da baş tutmayacaq.
“Qəbələ” rəhbərliyi Dortmund “Borussiya”sı ilə Avropa Liqası çərçivəsində cavab matçı öncəsi süni örtüklü arenada oynamaq istəməyib. Bu istəklə “Kəpəz”ə müraciət edən klub müsbət cavab alıb. Gəncəlilər rəqibin avrokubokda oynamasını nəzərə alaraq onlara jest edib. Beləliklə, ilk dövrədə olduğu kimi, ikinci dövrə oyunu da Qəbələdə baş tutacaq və “Qəbələ” meydan sahibi hesab olunacaq.
Gəncəlilərin belə problemlə üzləşməsinə səbəb stadionun belə hava şəraitinə hazır olmamasıdı. Belədə qarşıdakı ev oyunlarının da başqa yerdə keçirilib-keçirilməyəcəyi ilə bağlı sual ortaya çıxır. Bildiyimizə görə, stadion rəhbərliyi problemin yoluna qoyulması üçün çalışmalara başlayıb.
“Kəpəz” isə artıq Yevlaxdadı. Gəncədə oynayıb Bakıda məskunlaşan komanda didərgin həyatına davam edir. Bugün yola çıxan “Kəpəz” Yevlaxda məskunlaşıb oyun günü Qəbələyə gedəcək.