Topaz Premyer Liqasında X tur bir göz qırpımında keçdi. Amma sözsüz ki, keçib-gedən hər bir şey iz buraxır, yaxşı və ya pis…. 10-cu tur nə ilə yadda qaldı? Bu barədə yazacağıq…
Dumanlı Qəbələdə qapının yerini tapmadılar…
Sözsüz, indiki vəziyyətdə “Qarabağ” və “Qəbələ” hər oyunun favoriti sayılır. Çünki Avropa Liqasının qrupunda oynayan hər iki komanda digər rəqiblərindən bir baş güclüdür. Amma bu gücün yaratdığı bir arxayınlıq da var ki, bu X turda “Qəbələ”də daha aydın göründü. Heyətində güclü hücumçuların olduğu “Qəbələ”nin ardıcıl iki oyunda  qol vura bilməməsi isə çox düşünüləsi məqamdır, cənab Qriqorçuk… AZAL-ı isə son iki tura görə sadəcə alqışlamaq lazımdır. Belə bir çətin məqamda, “Neftçi”  və “Qəbələ” ilə oyunlarda ümumilikdə 4 xal qazanmaq qəhrəmanlıqdı. “Neftçi” və “Qəbələ” isə finişə doğru və ya finişdə indi itirdiklərini çox düşünəcəklər. 
Lənkəranda acınacaqlı durum
Futbolda bəzən sadəcə istək hər şeyi üstələyir. Düşünürəm ki, hazırda Premyer Liqanın ən istəkli komandası “Sumqayıt”dı. “Sumqayıt”ın heyətində fantastik gücə sahib oyunçu olmasa da, həmin futbolçuların hər birində fantastik istək var. Bunu “Xəzər Lənkəran”la matçda bir daha gördük. “Sumqayıt”ın bu qələbəsində,  sözsüz ki, “Xəzər Lənkəran”ın zəif çıxışının da “rolu” oldu. Ümumiyyətlə, bu komanda “Xəzər Lənkəran” tarixinin ən bərbad komandasıdır. İndiyə qədər bu qədər istəksiz, mübarizəsiz komanda görməmişdik. Komandanın indiki məqamda 1 üsütnülüyü var ki,  o da yerli oyunçuların meydançaya çıxmasıdır.
Dünən “Sumqayıt”a qarşı keçirilən oyunu cəmi 1200 adam izləyib… 1200? Bəli, 1200.. Oyun Lənkəranda olub? Bəli, Lənkəranda olub… Həmin rəqəmin arxasına növbəti “0” əlavə eləmək üçün isə çox şey dəyişməlidir, ilk növbədə futbola rəhbərlik səviyyəsində olan münasibət… 
İşıqlı gələcəyə inanmırlar…
Belə bir deyim var: “İnsanın ümidini qırmayın, bəlkə də sahib olduğu tək şey odur”. Mənə görə “Xəzər Lənkəran”ı sözün əsl mənasında sevənlərin hazırda sadəcə ümidi var. Amma heyətdə yer alan futbolçuların bir qismi bu sevgili ümidə də sahib deyillər. Skarlatakenin hər oyun sarı vərəqə alması, Tounkaranın sönük oyunu, bəzi futbolçuların demək olar ki, mübarizə aparmaması, ümidsizliyin böyük göstəricisidir. Bu isə faciəvi hadisələrin başlanğıcı deməkdir. 
Qovhaqov
Turun ən maraqlı oyunu isə Zirədə reallaşdı. “Zirə” və “Kəpəz”in görüşündə 4 qol vuruldu ki, bunlardan sadəcə birinə azərbaycanlı futbolçu imza atdı. Bonilla və Junior Osvaldonun qolları isə turun bəzəyi idi. Oyunda göstərilən vərəqələr isə  matçın tempinə uyğun idi. Matç ərzində 3 qovulma oldu ki, bunlardan ikisi futbolçunun biri baş məşqçinin payına düşdü. Adil Şükürov kimi səbirli adamın hakimə çılğın şəkildə etiraz etməsini, hətta qovulma həddinə gəlməsini də maraqlı fakt kimi qeyd edə bilərik. 
Vüqarlandı…
“Qarabağ” – “Rəvan” görüşü isə birincilərin son 5 illik tarixinin ən sönük oyunu idi. Düzdür, “Qarabağ” “Rəvan”la matça yenə topa nəzarət edir, meydançada 1 nömrə kimi görünürdü. Amma bütün bunların fonunda bir “Qarabağ” çatmırdı. Bütün bunlar isə gərgin qrafikin fəsadlarıdır. Oyunda yeganə qazanc götürən şəxs Vüqar Mustafayev oldu. Azərbaycan çempionatları tarixində nadir rast gəlinən qollardan birini vuran Vüqar heyətin ən gənc oyunçusu kimi gəmini batmağa qoymadı. Vüqarın qolu həm də cari Premyer Liqanın 100-cü qolu kimi tarixə düşdü. Digər oyunlarla müqayisədə bir qədər hərəkətli olan “Rəvan”ın bu canfəşanlığı isə heç nəyə yaramadı və Bəhmən Həsənovun rəhbərlik etdiyi komanda ilk 10 turda qələbə görmədi. 
    
Hacıyev döndü və xilas etdi
10-cu tur həm də paytaxt derbisi ilə əlamətdar oldu. Düzdür, “Neftçi” – “İnter” oyunu indi əvvəlki kimi cazibə qüvvəsinə malik deyil. İndi nə Kaxaber Sxadadze nə də Böyükağa Hacıyev yoxdur ki, oyundan 3 gün öncə söz savaşı başlasın və heç oyun vaxtı da bitməsin. Əvvəlki intiriqalı adamlardan qalmasa da, hər halda komandaların adları eynidir. Oyun vaxtı isə kollektivlər yenə ənənəyə sadiq qaldılar. Yenə taktiki döyüşün getdiyi bir matçda az qol izlədik. Oyunsonrası isə Samir Əliyev və Zaur Svanbadzenin ənənəvi açıqlamaları ilə X tura yaxşı yol deyib,  XI turun planlarını cızmağa başladıq…
 
TİMUÇİN
Shares: