“Neftçi”nin “İnter”i də yenə bilməməsi vəziyyəti bir az da qəlizləşdirdi. Düzdü, “bankirlər” hamının rahatlıqla qatlayıb cibinə qoyacağı komanda deyil. Ancaq “ağ-qaralar”ın durumunu nəzərə alsaq, onlar dünən qonaqlarını əliboş yola salmağa borclu idi.
Hesabı açan “Neftçi” həm də oyuna diqtə edən tərəf idi. Son dəqiqələrə kimi də matç “ağ-qaralar”ın istədiyi kimi keçirdi və xallarını oyun saylarından artıq etmək üçün əla imkanları var idi. Amma bir anda hər şey dəyişdi. Zaur Svanadzenin oyuna buraxdığı Nizami Hacıyev əvvəlcə rəqib futbolçunu oyundan kənarlaşdırdı. Adi epizodda Melinin ayağını tapdalayan futbolçu onun butsunun cırılmasına və ayaqqabısını dəyişmək üçün bir neçə dəqiqə kənarda qalmasına səbəbkar oldu. Futbolçu geri qayıdarkən isə ikinci zərbəni vurdu.
Əlbəttə, Mellinin oyundan müvəqqəti kənarlaşması adi epizod idi. Ancaq onun qayıdan kimi Nizaminin qarşısını düzgün kəsə bilməməsi birbaşa nəticəni dəyişdi. Hacıyevin uzaqdan vurduğu zərbə oyunun nəticəsini (1:1) müəyyənləşdirdi.
Bu qol qanunauyğun idi. Əksər xalları son dəqiqələrdə buraxılan qollarla itirən “Neftçi” artıq geri oturmuşdu və vaxtın bitməsini gözləyirdi. Sürüşkən hesab varkən bu taktika çox riskli idi və Samir Əliyevin səhvi ona baha başa gəldi. Ola bilsin, buna görə heç baş məşqçini günahlandırmaq olmaz. Çünki futbolçuların fiziki durumu yerində deyil, üstəlik, ehtiyatda da oyunu gücləndirəcək futbolçular yoxdu. Amma yenə də topu irəlidə tutan, daha əzmkar olan Ruslan Qurbanovla Rəhman Hacıyevin meydanda qalması daha yaxşı olardı, nəinki aşıq-aşkar hazır olmayan Cavid İmamverdiyevlə Kaue da Silvanı döyüşə atmaq. Sonuncu yaradıcılıq baxımından çox zəifdi və Rəhman hətta tək ayaqla ondan daha faydalı olardı.
Bu xal itkisini heyət yetərsizliyinə, rəqibin son dəqiqələrdə daha “diri” olmasına, qismən də baş məşqçi Samir Əliyevin səhvlərinə bağlamaq olar. Amma Aqil Məmmədovu da unutmaq olmaz. Qapıçı-kapitan faktiki qapıya doğru ilk ciddi zərbəni səhv mövqe tutması üzündən dəf edə bilmədi. Aqilin “Neftçi” karyerası ərzində bir dəfə də olsun özünü xilaskar kimi göstərə bilməməsi isə onun bi komanda üçün vacib oyunçu olmaması faktını diqtə edir.
Beləliklə, “Neftçi”nin enişi davam edir. Son vaxtlar yaxşı oynayan “Sumqayıt”la səfər oyunu sa uğursuzluqla nəticələnsə, Bakı klubu üzərindəki təzyiqin hansı səviyyədə olacağını təsəvvür etmək belə çətindi. Ancaq o dəqiqdi ki, rəhbərlik komanda quruculuğunda ciddi səhvlərə yol verib, gəncləşdirmə adı altında ümumiyyətlə, heyəti bərbad günə qoyublar. “Neftçi” nə istədiyini bilməyən, meydanda məqsədsiz mübarizə aparan futbolçular yığınına çevrilib.
FƏRİD
Shares: