Uzun müddətdi zədədən əziyyət çəkən milli komandamızın və “İnter”in hücumçusu Rauf Əliyevin Almaniyada əməliyyat olunduğu haqda xəbər vermişdik. Hazırda sözügedən ölkədə olan futbolçu ilə əlaqə saxlayıb, durumunun nə yerdə olması ilə maraqlandıq. Əliyev saytımıza açıqlamasında əməliyyatın uğurlu keçdiyini bildirib:
“Əməliyyat yaxşı keçdi, hər şey normaldı. Hələ indidən məşqlər barəsində danışmağım çox tezdi. Həkimlərin dediyinə görə ən yaxşı halda 5 ay sonra məşqlərə başlaya bilərəm. Əməliyyatın maddi xərcləri kim tərəfindən ödənilməsi ilə bağlı elə də çox məlumatım yoxdu. Federasiya və klub öz aralarında danışıb, bu məsələni həll edib”.
Bakıdan bəzi dostlarının da durumu ilə maraqlandığını söyləyən forvardın il sonunda “İnter”lə müqaviləsi başa çatacaq. O, isə sazişi uzadıb-uzatmayacağı barədə hələ ki, heç nə düşünmədiyini bildirdi: “Oktyabrın 31-də gəlməliyəm. “İnter”lə müqaviləni uzatmaq barədə hələ ki, heç nə düşünmürəm. İndi əsas məqsədim zədəmi sağaldıb, tez bir müddətdə yaşıl meydanlara dönməkdi”.