Topaz Premyer Liqasının 2-ci dövrəsi start götürdü. Cari tur da sensasiyasız ötüşmədi. Özü də bu dəfə “baş rol”da çıxış edən “Qəbələ” oldu. Roman Qriqorçukun yetirmləri “500 manatlıq AZAL”ı evdə məğlub edə bilmədi.
Ancaq bu, heç də meydan sahiblərinin keyfiyyətsiz və ya həvəssiz oynamasından irəli gələn heç-heçə deyil. Sadəcə, bu cür hallar futbolda yaşanır: qol epizodları yaradılsa da, top qapıdan “küsür”. Ancaq Qəbələdə keçirilən ardıcıl 2-ci oyunda qələbə üzünə həsrət qalmaq Qriqorçuk üçün bir siqnal rolunu oynamalıdı. 
“Xəzər Lənkəran” üçün ev-çöl söhbəti qalmayıb. İndi cənubluları tənbəl olmayan hər bir komanda məğlub edir. Azarkeşlərinə bu üzücü nəticələrlə o dünyanı göstərən Mais Mənsimov – Tuyqun Nadirov tandemi isə hələ də günahkar olduqlarını etiraf edib, istefa vermirlər. Bu dəfə Lənkəran təmsilçisinin “cəllad”ı rolunda “Sumqayıt” çıxış etdi. Samir Abasovun baş məşqçi qismində ilk səfər qarşılaşması da uğurlu alındı. Abasovlu “Sumqayıt” son 3 oyunda 7 xal toplamaqla “Gənclik şəhəri” təmsilçisinin azarkeşlərini xeyli ümidləndirib. İndi onlar hətta avrokuboklar barədə pıçıldaşmaqdan belə çəkinmirlər.
Turun ən məhsuldar görüşü Zirədə qeydə alındı. Ötən mövsümü 1-ci divizionda keçirən “Zirə”ylə “Kəpəz”in görüşündə 4 qol vuruldu. Əvvəlcə qonaqlar, sonradan isə meydan sahibləri hesabda önə keçsələr də, yekunda qalib müəyyənləşmədi. Olduqca maraqlı məcrada keçən matçda Rəhim Həsənov meydan sahiblərinin 2 futbolçusuna qırmızı vərəqə göstərməyə də imkan tapdı. Ancaq qeyd edək ki, hər iki halda referi düzgün qərar qəbul edib. Hər halda bu oyunu izləyənlər peşman olmadı: açıq futbol, 4 qol, çoxsaylı təhlükəli epizod, 2 qırmızı və nəhayət, ədalətli heç-heçə.
“Neftçi” yenə qələbə üzünə həsrət qaldı. Bu dəfə qələbəni bayram etmək üçün Samir Əliyevin yetirmələrinə 4 dəqiqə çatmadı. Ancaq “ağ-qaralar” hətta 3 xal qazanacaqları təqdirdə də, hansısa iddiadan danışmaları yersiz olardı. Cari mövsüm “Neftçi”nin avrokuboklardan dəm vurması real deyil. “İnter” isə növbəti dəfə əzmkarlıq nümayiş etdirərək, 3-cü pillə uğrunda mübarizədə “baş qəhrəman” olmaq istəyini təsdiqlədi.
“Rəvan” da ki… Əşşi, “Rəvan”dı da… “Qarabağ” üçün çempionatda qələbə üzünə həsrət qalan komandanı məğlub etməyə 1 ayaq da kifayət edir. Elə nəticə də bunu göstərir. Ancaq “az olsun, saz olsun” deyimi bu görüş üçün lap yerinə düşür. Vüqar Mustafayevin qolu həqiqətən baxımlı alındı. Rəqibini gövdəsi ilə işsiz qoyan futbolçunun təxminən 30 metrlikdən endirdiyi zərbə göz oxşadı.
CEYHUN ƏLİYEV
Shares: