CBC telekanalının Topaz Premyer Liqasının yayım hüququnu əldə etdikdən sonra oyunlardan videogörüntüyə sahib olmaq istəyənlər üçün qiymət praysı tətbiq etməsi gözlənilən idi. Elə “İdman Azərbaycan” kanalının məlum hay-küyü də həmin məlumat rəsmən təsdiqini tapdıqdan sonra baş qaldırdı. Amma yayım hüququnu əldə edən telekanalın videogörüntülərə görə müəyyən vəsait tələb etməsi tam doğru sayılmalı idi ki, futbolinfo.az olaraq, bu qərarı dəstəkləmişdik.
Eyni zamanda ölkədə fəaliyyət göstərən saytlarda da çempionatın oyunlarının videogörüntüsünə qadağa qoymasını anlayışla qarşılayaraq, bir çoxlarından fərqli olaraq, pirat əməllərinə əl atmadıq. CBC-ə rəsmi müraciət edərək, kanaldan Topaz Premyer Liqasının videogörüntülərini yayınlamaq üçün icazə istədik.
Nəhayət, bu həftə kanaldan cavab ala bildik. Amma cavab yumşaq desək, bizi şoka saldı. CBC futbolinfo.az saytından mövsümün sonunadək 5 min manat istədi.
Fantastika! Bunu qalan turlara böldükdə, hər təqvim həftəsinə 200 manata yaxın vəsait edir. Maraqlıdı ki, ölkədə minimal əmək haqqını arxada qoyan bu tələb heç bir marketinq hesablamalarına uyğun gəlmir. Futbolinfo.az olaraq, indiyədək heç kimin qarşısında bükülməmişik ki, sağdan-soldan əlavə gəlirlərimiz olsun. Ancaq dürüstlüyü qoruyaraq, peşəkarlığa sığan reklam əməkdaşlığı ilə müəyyən xərclərimizin qarşılığını ödəyə bilmişik. Yarandığımız gündən minimum vəsaitlə maksimum nəticə əldə etməyə çalışmışıq.
Bir əməkdaşımızın aylıq məvacibini hər tur üçün xərcləmək təklifini eşitdikdə, təəccübləndik. Amma az sonra soyuq başla təhlil etdik və ortaya məlum mənzərə çıxdı. Real qiyməti 75 manat olmayan çempionat üçün sağ cibdən sol cibə ötürülən 750 min manatın qarşılığında 5 min nədi ki!? Reallığı itirən CBC deyil, CBC-i açanlardı. Halal zəhmətlə qazanılan pulun nə olduğunu bilmək üçün əsl jurnalist yolunu keçmək gərəkdi.
Daha bir məqam isə CBC-in “Seyidəhməd əliylə ilan tutmaq” istəməsidi. Kanalın yeni saytı açılır. Ölkədə fəaliyyət göstərən idman saytları ilə ayaqlaşmaq heç də asan məsələ deyil. Deməli, Topaz Premyer Liqasının oyunlarından videogörüntüləri astronomik məbləğə təklif edərək, həmin idman saytlarını “ofsayd”a salmaqla, “CBC-Sport”un saytının izləyicilərinin sayını artırmaq olar. Nə deyirik, Allah işinizi avand eləsin. 5 min manatı da qatlayıb, qoyun yastığınızın altına. 750 minlik müqavilənin “incəlikləri”ni halal yolla çalışan jurnalistlərin başında çatlatmaq istəyiniz, de-fakto çempionatın oyunlarından videogörüntüləri verməkdən imtina etməyinizi də biz başa düşdük.
İnanırıq ki, oxucularımız da yazdıqlarımızı anlayışla qarşıladı. Biz qanunları pozub heç bir çempionat oyunundan videogörüntü təqdim etməyəcəyik. Amma çətin ki, bu yolla sizlər bizim oxucuları qazanasınız. Başqa telekanallardan pul gücünə işçi oğurlamaqda olun. İşiniz avand olsun. Bizim işimiz isə dürüst olacaq!