10 illik tarixini ən bərbad dövrünü yaşan “Xəzər Lənkəran” “Simurq”un üz-üzə qaldığı təhlükənin astanasındadı. Sahibi Mübariz Mənsimovun “gözündən çıxardığı” klub uçuruma doğru gedir. Əvəzedici və əsas heyəti tamamlamaq üçün futbolçu tapmayan cənublular hətta problemlər üzündən oyunların sıxlığı bəhanəsi ilə “Rəvan”la qarşılaşmaya da çıxmaq istəmirdi.
Əslində XL-də nələr baş verir və komandanın bu duruma gəlib çıxmasına səbəb nədir?
Mirça Rednikin gedişindən sonra “qara zolaq”dan çıxa bilməyən “Xəzər Lənkəran”ın durumu azarkeşləri olduğu kimi, klubun sahibi Mübariz Mənsimovu da narahat edirdi. Mətbuatda yazılanlar durumun ürəkaçan olmadığının bariz nümunəsi idi. Mirçadan sonra bir neçə baş məşqçi dəyişən cənubluların rəhbəri böyük Mənsimov qarışıq duruma son qoymaq istədi. Dünya şöhrətli Con Toşakı baş məşqçi postuna gətirən klub sahibi təcrübəli mütəxəssisə istədiyi oyunçuları almaq üçün şərait yaratdı.
Bir neçə futbolçunu komandaya cəlb edən Toşak uğur qazanmaqda, komandanı bu durumdan çıxarmaq çətinlik çəkirdi. Baxımlı oyunu ilə diqqət çəkən “ağ-yaşıllar”da nəticə qazanmaq baxımından vəziyyət dəyişmirdi. Yarandığı ildən iddiasını ortaya qoyan komanda turnir cədvəlinin ortalarından yuxarı qalxmaqda xeyli çətinliklə üz-üzə qalmışdı. Qeyri-sabitlik isə komandanın ən yaralı yer idi. Lakin baxımlı oyun azarkeşləri müəyyən qədər sakitləşdirmiş, ümid işığı yaratmışdı. Amma…
Tarixində ikinci dəfə Avropa Liqasında mərhələ adlayan “Xəzər Lənkəran” Malta “Slima Uonderers”ini keçdikdən sonra Hayfa “Makkabi”sinə böyük hesabla uduzdu – 0:8. Bu, artıq Toşakın sonu idi. Bundan əvvəl də cənublularda dəb olmuş “torbatikmə əməliyyatı” işə düşdü. Futbolçulardan digər məşqçilərlə nisbətdə daha çox nizam-intizam tələb edən məşhur mütəxəssis üçün “gedə bilərsən” siqnalı verildi. İstədiyi kimi hərəkət edən bir çox futbolçuların arzusu reallaşdı. Daha Lerikdə “Relax”da siqaret çəkmək, pivə içmək asan olacaqdı. Amma sən saydığını say, gör fələk nə sayır?
Mənsimovun iddialı komandanı yenidən qurmaq iddiası isə davam edirdi. Bu dəfə klubun başına Türkiyədə 3 böyük klubla çempion olan Mustafa Dənizli gətirildi. Nizam-intizam baxımından Toşakdan 2 qat üstün olan və bunu əsas tutan Dənizlinin gəlişi yenə də bəzi futbolçuların ürəyincə deyildi. “Xəzər Lənkəran” tarixində ilk dəfə klubun büdcəsi 13 milyon dollara qədər çıxarıldı. Mustafa bəy üçün bütün şərait yaradıldı və futbolçu seçimi onun ixtiyarına buraxıldı. Öz istəyi və köməkçisi Oğuz Çətinin seçimləri ilə heyəti formalaşdıran türk çalışdırıcının “əməlləri” bu dəfə Bakıda outran rəhbərliyi qane etmirdi. Deməli, Dənizli üçün də “torba tikilməli idi”. Mütləq o komandadan getməli və Mais Mənsimovla Tuyqun Nadirova sərf edən adam komandaya başçılıq etməli idi.
Bunun üçün Oğuz Çətin daha uğurlu variant kimi seçildi. Türkiyəyə əməliyyat olunmaq üçün gedən Dənizli ölkəmizi tərk edən kimi haqqında “istefa verdi” xəbərləri dolaşmağa başladı. Bundan başqa, ölkə kubokunda “Qəbələ”yə uduzduqdan sonra vitse-prezident Tuyqun Nadirov özünün maliyyələşdirdiyi azarkeşləri gecə saat 10-da, matçdan sonra stadiona buraxaraq, “Dənizli, istefa”, “Dənizli, get” şüarları səsləndirməsinə şərait yaratdı. Bu onun sübutu idi ki, mütləq məşhur mütəxəssisi də Toşakın aqibəti gözləyir. Və bu, baş verdi. Dənizli ölkəsinə müalici üçün yollandığı xəstəxanadan geri dönmədi.
Onun yerinə baş məşqçi gətirilən Oğuz Çətin də vəziyyəti dəyişmək üçün çox cəhd göstərdi, amma alınmadı. Mustafa Dənizlinin gedişi isə artıq komandanın sonu idi. Çünki ilk dəfə bir məşqçiyə klub tarixində olmadığı qədər büdcə ayıran Mənsimov Bakıda baş verənləri detalına kimi öyrəndikdən sonra maliyyə axınını kəsdi, klubun büdcəsi 3 milyona endirildi. Əslində, bütün bunları edənlər Mübariz bəyin ətrafındakı türkiyəli köməkçiləri idi. Onlar Mustafa Dənzilinin gedişindən sonra “bu klubla bacarmaq mümkün deyil” deyərək istəklərinə nail oldular. Bununla da “Palmali” şirkətlər qrupunun sahibi büdcəni azaltdı və hazırda heç bir büdcə də yoxdu.
“Xəzər Lənkəran”ın bu yoldan dönüşü çətin görünür. Lənkərandakı “PalSüd”ün ümidinə qalan klub isə həmin maliyyə ilə sadəcə, birinci divizionda mübarizəsini davam etdirə bilər. Çünki borcları üzündən çətinliklər yaşayan “PalSüd” zavodunun da durumu ürəkaçan deyil. Devalvasiya zamanı itkilərlə üzləşən qurum özünü saxlamaq üçün sadəcə, çaba göstərir. Klub prezidenti Mais Mənsimovla müavini Tuyqun Nadirovun futboldan iyrəndirdiyi Mübariz bəyin isə ürəyinə rəhm gələcəyi heç inandırıcı görünmür. “Torbatikmə əməliyyatları” bir yana, futbolçularla bağlı maxinasiyalar, FİFA-nın sanksiyaları və s. problemlər Mübariz bəyi çoxdan “Bəsdir!” deməyə vadar edib.
ELMAR VƏLİYEV
Shares: