Türkiyə Superliqasının 9-cu turu çərçivəsində baş tutan “Trabzonspor” – “Qaziantepspor” matçından sonra qalmaqal yaşanıb. Futbolinfo.az xəbər verir ki, buna qarşılaşmanın baş hakimi Çağatay Şahanın son dəqiqələrdə meydan sahiblərinin lehinə penalti verməməsi səbəb olub.
2:2 hesabı ilə başa çatan görüşdən sonra təxminən 500-ə yaxın yerli azarkeş “Avni Aker” stadionunun çıxışında referini gözləyib, onunla haqq-hesab etmək fikrinə düşüb. Nəticədə Qaradəniz təmsilçisinin prezidenti İbrahim Hacıosmanoğlu klub rəsmilərinə zəng edərək, səhərə yaxın Trabzona çatacağını və onlardan hakimləri şəhərə çatana kimi stadionda saxlamalarını tələb edib: “Hakimlərə Trabzonun qonaqpərvərliyini göstərin, çay, yemək verin. Səhər mən ora gələnə kimi hakimlər stadiondan çölə buraxılmasın”.
4 saat müddətində stadionda saxlanılan hakimlər yalnız dövlət səviyyəsində müdaxilədən sonra buraxılıb. Belə ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Osmanoğluna zəng etməsindən sonra məsələ həllini tapıb. O, klub rəhbərindən referilərin tez bir müddətdə stadiondan təhlükəsiz bir şəkildə kənarlaşdırılmasını istəyib. Saat 03:47 də hakimlər briqadası polislərin nəzarəti altında stadionu tərk edib. Onlar arenanı tərk edən zaman azarkeşlər fit sahiblərinə yad əşyalar atıb. Xoşbətlikdən xəsarət alan olmayıb.