Bu gün Klublar Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, toplantıdan sonra komitə sədri (Həm də "Xəzər Lənkəran" klubunun vitse-prezidenti) Tuyqun Nadirov jurnalistlərin suallarını cavablandırıb:
 
– İclasda “CBC Sport” televiziyasının baş direktoru İlham Rüstəmov da iştirak edirdi. Yayımla bağlı hansı məsələlər müzakirə olundu?
– Komitənin ilk iclasında qaldırılan məsələlərdən biri Premyer Liqa oyunlarının yayımlanması və yayıma görə müəyyən məbləğin klublara ödənilməsi ilə bağlı idi. Biz buna nəinki nail olduq, hətta ölkədə ikinci idman televiziya kanalı açıldı və təbliğat gücləndirildi. İclasda iştirak edən İlham Rüstəmov bu müddət ərzində görülən işlərdən danışdı. Kanal yüksək yayım həyata keçirir. Artıq sevindirici və fəxr ediləsi məqamlar var. Amma problemlər də var və bunu həll etmək lazımdı. Burada söhbət yayımın keyfiyyətini yüksəltməkdən gedir. Stadionların bəzilərində işıqlandırma düzgün deyil. Bəzi klublarımız üzərlərinə düşənləri ediblər, bir hissəsi isə işi yekunlaşdırmaq üzrədi. Bu da faktdı ki, azarkeşlər keyfiyyətli yayım izləyirlər. İşimizin bəhrəsini görürük, amma dayanmamalıyıq. Bölgələrdən yayımların təşkili optik kabel və ya peyk vasitəsilə həyata keçirilə bilər. Bu sahədə də problemlər var. Bəzilərində var, bir qismində yararsız haldadı, müəyyən stadionlarda isə yoxdu. Bunu kanal təkbaşına həll edə bilməz. Bunu birgə tənzimləməli, yoluna qoymalıyıq.

 
– Kanal rəhbərliyi çempionat oyunlarının Almaniya kanallarına satıldığını bildirdi. Düzdü, qazanılan məbləğ elə də böyük deyil. Bu yəqin ki, həm klublar, həm də gənc futbolçular üçün əlavə dividentlər vəd edir…
– Biz konkret heç vaxt tələb qoymamışıq ki, bu, 5 minə və ya 5 milyona satılmalıdı. Vacib olan az və ya çox məbləğdə gəlirin əldə edilməsinə, marketinq siyasətinə başlanmasıdı. “CBC Sport” xaricə öz məhsulunu satırsa, bunun bizə də faydası var. Çünki bu, klublarla kanal arasındakı əməkdaşlığın məhsuludu. Bu tək futbola yox, digər idman növlərinə də müsbət mənada təsir edəcək.

 
– Oyunların eyni gündə keçirilməsi ilə bağlı hansısa müzakirə aparıldımı?
– Oyunların yayımlanıb-yayımlanmamasından asılı olmayaraq, klublar birmənalı şəkildə bunun əleyhinədi. Heç bir ölkədə bu cür etmirlər. Çünki bu, azarkeşlər üçün də maraqsız olur. Elə futbolsevər var ki, bütün komandaların oyunlarına baxmaq istəyir. Bir gün ərzində keçirilən oyunları o necə izləsin? Çalışmaq lazımdı ki, 1-2 oyun fərqli gündə olsun. PFL-dən xahiş etdik ki, təqvimi hazırlayan zaman bunu nəzərə alsınlar. Burda da müəyyən səbəblər var. Millinin təlim-məşq toplanışları, eləcə də oyunları nəzərə alınır. Əlbəttə, hər şeydən əvvəl millinin maraqları nəzərə alınmalıdı.

 
– Lisenziyalaşmanın şərtlərindən biri də klubların nəzdində qadın komandalarının yaradılmasıdı. Bu sahədə işlər görülürmü?
– İki il əvvəl bu, UEFA-nın tövsiyəsi idi, amma indi tələbdi. Klublar da bunu dəstəklədilər. 2012-ci ildə ölkəmizdə U-17 qızlararası dünya çempionatı keçirildi. Beynəlxalq aləmdə ölkəmizə maraq böyük idi. Həmin vaxt yeni stadionlar, meydançalar tikildi. Həmin arenalar futbolumuza bu gün də xidmət edir. Klublarımız idmanın inkişafında maraqlıdı. Hər bir klub ən azı bir yaş qrupundan ibarət komanda yaratmağa razıdı.

 
– “Xəzər Lənkəran”da vəziyyət necədi? Komanda niyə autsayderlər qrupunda yer alıb?
– Komandamızın Premyer Liqanı tərk etməsi real deyil. FİFA-nın mövcud qərarından sonra hadisələr bu cür axarda getdi. İndi CAS-dan cavab gözləyirik. Halbuki yayda yığmanın üzvlərini, eləcə də güclü legionerlər transfer etmişdik. Amma heç birinin adını iştirak ərizəsinə daxil edə bilmədik. Buna görə də 15-16 nəfərlik heyətə möhtac qaldıq, onların əksəriyyəti də gənclərdi. Bu da gənclər üçün şansdı. Onlar özlərini göstərməlidilər. Yalnız bu il iddiasız start verdik. İndiyə kimi belə halla üzləşməmişdik. Təbii ki, nəticə rəhbərlik olaraq bizi də qane edə bilməz. Komandanın öz meydançamızda uduzması bizə ikiqat pis təsir edir. Digər tərəfdən heyətimizdə oynayan futbolçuların yaşını da nəzərə almaq lazımdı. Klubun fəaliyyəti təkcə əsas komanda ilə ölçülmür. Əvəzedicilərimizin, azyaşlı futbolçulardan ibarət komandalarımızın oyunlarına da baxın. 10-dan çox futbolçumuz müxtəlif yaş qrupundan ibarət yığmalara dəvət alır. Elə klublar var idi ki, yalnız əsas və əvəzedici komandalar olub. Bu gün onlardan əsər-əlamət qalmayıb. Məqsədimiz Lənkəranda futbolu inkişaf etdirmək, yaşatmaqdı.

 
– “Sumqayıt” və AZAL da gənclərdən qurulub, amma “Xəzər Lənkəran”dan üst sıralarda qərarlaşıblar…
– Elə klubumuz da var ki, daim üst sıralarda yer alırdı, amma bu gün turnir cədvəlinin aşağı pillələrindədi. Bu cür müqayisə aparmaq düzgün deyil. Çünki klubun niyə bu vəziyyətlə üzləşməsinin səbəbi məlumdu. Yayda güclü futbolçular transfer etmişdik.

 
– Klubda maddi problemlərin olması ilə bağlı deyilənlər düzgündü?
– Bu tək bizdə yox, dünyanın əksər ölkələrində və klublarında mövcuddu. Avropanın aparıcı klubları da bu halla üzləşiblər. Problem tək bizdə olsaydı, analiz edərdik. Klubumuzun sponsorlarından biri “Palsüd” şirkətidi. Onlar bizə aylıq reklam pulu ödəyirlər. Bu gün həmin şirkətə də ödəyəcək şirkətlər var, amma ödəniş eləmirlər. Ən azı stadionumuzu banka girov qoyub kredit götürməmişik, bazada qalmaq üçün kiməsə pul ödəmirik, məşq meydançasını icarəyə götürmürük. Bunların hamısı kluba məxsusdu.
Bu gün “Xəzər Lənkəran”ın uşaq komandaları öz avtobuslarında gəzir, meydançasında məşq edir, bazasında qalır. Sadəcə, bir qədər səbirli olmaq lazımdı. Bunu üzərimizdə hiss edirik. Klub rəhbərliyi əlindən gələni edir ki, öhdəliklərə vaxtında riayət etsin.
 
– Futbolçu qıtlığına görə “Xəzər Lənkəran”ın “Rəvan”la oyuna çıxmamaq ehtimalı varmı?
– Komanda oyuna niyə çıxmır ki? Oyunçu sayı ilə bağlı problemimiz yoxdu. Bütün matçlara çıxmışıq, çıxacağıq da. Komanda tam heyətlə çıxışını davam etdirir. Əsas komandada sayla bağlı problem olsa, əvəzedicilərdən yararlanacağıq.
(apasport.az)
Shares: