“Rəvan”ın qapıçısı Konstantin Maxnovski Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində Qarabağ”dan alınan məğlubiyyətdən sonra jurnalistlərə müsahibə verib. Futbolinfo.az ukraynalı əlcək sahibinin fikirlərini təqdim edir:
– Yenə məğlub oldunuz…
– Nə deyə bilərəm? Nəyi dəyişə bilərik? Razılaşın ki, tapançayla tanka qarşı vuruşmaq çətindi. Bu gün müdafiədə bir qədər diqqətli oynamağı bacardıq. “Qarabağ” kimi komandalara qarşı hücum qurmaq qəliz məsələdi. Əsas diqqətimizi qapımızın toxunulmazlığına yönəltmişdik. Bu tip rəqiblərlə öz şansını gözləməlisən. Uzaqdan pis görünür, amma deyəsən 1 real imkanımız olmuşdu. Ancaq heç nə edə bilmərik, dözüb, növbəti oyunlara hazırlaşmalıyıq.
– Bəhmən Həsənovun gəlişindən sonra komandada nəsə dəyişib? Məsələn, taktika və ya oyuna köklənmə…
– Nə üçün oynadığımızı gözəl bilirik. “Rəvan” o klub deyil ki, ömrümüzün sonunadək burda qalmağı arzulayaq. Hər bir futbolçunun əsas motivasiyası da budu ki, özünü ən yaxşı tərəfdən göstərsin.
– Bu uğursuzluq nə qədər davam edəcək?
– (Gülür) Bilsəydim ki, nə vaxt bunun sonu çatacaq, həmin oyuna çıxardım ki, artıq uğursuzluq arxada qalıb.
– Yəqin ki, karyeranda belə bir klub olmayıb ki, hər oyunda qol buraxasan?
– Bunu dəqiq deyə bilmərəm. Daha güclü, daha zəif komandalarda da çıxış etmişəm. Qapıçının işi, taleyi belədi. Hardasa xilas edə bilirsən, bəzən də qapında qol görürsən.
– Bəhmən Həsənov komandanın “sükanı arxası”na keçdikdən sonra sizi 2 oyuna çıxarıb. Hər iki qarşılaşmadan sonra da özündənrazı şəkildə “Rəvan”ın hamını dağıdıb-tökəcəyini bildirir. Ancaq komandanın futbolçularında bu inamı görmək olmur.
– Bu, normal haldı. Heç kim düşünmür ki, çıxıb, növbəti oyunda məğlub olacaq. Məşqçi də istəyir ki, qalib gələk. Ancaq meydana futbolçular çıxır. Bugünkü heyətimiz də budu. Pisdisə də, yaxşıdısa da, olanımız budu. Bundan artığını bacarmırıq. Olanımızla kifayətlənməliyik.
– Komandanın uğursuz çıxışları davam etsə, qışda “Rəvan”ı tərk edəcəksən?
– Müqaviləm çempionatın sonunadəkdi. Getmək haqda hələlik düşünmürəm. Əlbəttə, hər bir futbolçu daha yaxşı, daha iddialı klubdan dəvət gözləyir. Ancaq özünü yaxşı tərəfdən göstərməlisən ki, daha böyük iddialara düşəsən.
– "Facebook" səhifəndə Azərbaycan yığmasında oynayacağın barədə yazılmışdı. Deyəsən, bunu dostun yazmışdı…
– Əhvalat belə olub. Vikipediyada Azərbaycan vətəndaşı olduğum barədə səhv məlumat yerləşdirmişdilər. Dostum da zarafat etmək üçün həmin hissəni səhifəmdə yerləşdirmişdi. Ertəsi gün məşqə gələndə, hamı təbrik etməyə başladı. Hətta unutmuşdum ki, bir gün öncə dostum bu cür zarafat edib. Ancaq klubda qapıçının legioner hesab edilməməsi üçün bu, lazım gələrsə, düşünmədən vətəndaşlığı qəbul edərəm.
ELMAR ABDULLA-ZADƏ
Shares: