Bu gün Klublar Komitəsinin iclasından sonra Komitənin sədri Tuyqun Nadirovun keçirdiyi brifinqdə təqvim turunun oyunlarının eyni gündə keçirilməsinə Premyer Liqa iştirakçılarının etiraz etməsi kəskin əks-səda doğurub. Futbolinfo.az xəbər verir ki, PFL-in Texniki-İdman şöbəsinin (TİŞ) rəisi Zamiq Həsənov Nadirovun gülünc açıqlamasına öz facebook səhifəsində münasibət bildirib.

 
Həsənovun məsələyə münasibəti Nadirovdan fərqli olaraq, sübut, fakt və məntiqə söykənib: “Topaz Premyer Liqasının turunun eyni gündə keçirilməsinin klublardan daha çox, biz əleyhinəyik. Həmin oyunlara operator, fotoqraf göndərməklə yanaşı, oyunların onlaynını təşkil edir, protokollarını sayta yerləşdirir, video icmalını hazırlayır, mübahisəli epizodları ictimaiyyətə təqdim edirik. Nəzərə alaq ki, eyni proseduru I Divizion oyunları üçün də həyata keçiririk, bu səbəbdən görüşlərin eyni gündə keçirilməsi bizə çətinlik yaradır”.

TİŞ rəhbəri Nadirovun “heç bir ölkədə bu cür etmirlər” ifadəsinə də faktla cavab verib: “Belə hallar dünyanın ən güclü çempionatlarında da olur. Çox uzağa getməyib, diqqətlərinizi bir neçə gün öncəyə çəkmək istəyirəm. İtaliya çempionatının hesabat turunun 8 oyunu eyni gündə reallaşdı”.

Daha sonra Həsənov təqvimin bu cür olmasının səbəbini də “Xəzər Lənkəran”ın vitse-prezidentinə rəqəmlərlə izah edib: “Nəzərə alaq ki, ilin iyun, iyul, yanvar və dekabrın son ongünlüyündə məlum yay və qış fasilələri ilə bağlı olaraq, oyunlar keçirilmir. Bu üst-üstə 102 gün edir. Milli komandaların hazırlıq planına və oyunlarına uyğun olaraq, çempionat 43 gün keçirilmir (söhbət cari mövsümdən gedir).

Hələ xüsusi günləri nəzərə almasaq, çempionatı keçirmək üçün əlimizdə 222 gün, yəni 31 həftə vaxt qalır. Bu 31 həftə ərzində Topaz Premyer Liqasının (36 tur) oyunlarını və 6 mərhələdən ibarət olan Azərbaycan Kubokunun görüşlərini (1/16 final mərhələsini nəzərə almırıq) təşkil etməliyik. Kubok oyunları keçirilən zaman çempionatla kubok görüşləri arasında minimum 3 gün fasilə olmalıdır. Kubok oyunlarından sonra turun eyni gündə keçirilməsi ehtimalı isə futbolçuların bərpa balansını təmin etmək üçündür.

Sual yarana bilər ki, qış fasiləsinin müddətini azaltmaqla əlavə gün qazanmaq mümkün variantdır. Lakin bu zaman çox ciddi infrastruktur problemləri meydana çıxacaq. Biz stadionların durumunu nəzərə alaraq, qışın cəmi 1 ayında matçların baş tutmasını istəyirik. Hələ qış yox, payız olsa da, artıq stadion problemi baş qaldırıb.

Bütün bu sadalananları nəzərə alsaq, il ərzində çempionatın bir və ya bir neçə turunun beynəlxalq normalarda qəbul olunduğu kimi eyni gündə keçirilməsi çox adi haldır. Nəzərə alaq ki, futbolçuılarımızın, eləcə klubların böyük əksəriyyəti üçgündənbir oynamağa hazır olmadıqlarını etiraf edirlər. Misal üçün elə “Xəzər Lənkəran” özü bunu etiraf edib, Tuyqun müəllim!!!”.

Ehh, klublar Komitəsində nəhayət ki, bir etiraz qərarı qəbul edildi, o da iflasa uğradı. Heç eybi yox, Komitə mütləq gələn iclasda nəyəsə etiraz edəcək…

Shares: