“Qəbələ” hakimlərin son oyunlarındakı idarəçiliyindən narazıdı. Klub bununla bağlı rəsmi açıqlama verməsə də, bildiyimizə görə, Peşəkar Futbol Liqasına ciddi etirazlarını bildiriblər. Hətta onlar quruma narazılıqlarını çox sərt şəkildə çatdırıblar.
“Zirə” və AZAL-la ev oyunlarındakı qolsuz bərabərliklərə görə meydan sahibləri hakimləri günahkar bilir. Xüsusilə son oyundakı mübahisəli epizod “Qəbələ”nin ədalət təmsilçilərindən narazılığına əsas verib. İkinci hissədəki epizodlardan birində qapıçının topu xətti keçdikdən sonra dəf etməsini əsas gətirən qəbələlilər baş hakim Rəvan Həmzəzadənin qolu qeydə almamasından şikayətçidi. Daha bir epizodda isə yanlış ofsayd qərarı onları hiddətləndirib.
Qarşıdakı oyunlarda daha dürüst hakimlik olacağı vədi alan “Qəbələ” hələ narazılığını mətbuat vasitəsilə bildirmək istəmir.
Shares: