Klublar Komitəsinin (KK) faydalı iş əmsalı olmasa da, ara-sıra keçirdiyi iclaslardan sonra sədrinin – “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovun təşkil etdiyi brifinqlər “gülü burnundan vurur”. Dünən keçirilən iclasdan sonra da Nadirov aləmi bir-birinə vurub. Ancaq diqqətçkən məqamlardan biri, bəlkə də birincisi, bir qədər qapalı olub deyə, diqqətdən kənarda qalıb.
Mətləbə keçmək üçün KK sədrinin brifinqdə səsləndirdiyi bir fikir toplumunu diqqətinizə çatdırırıq. O, cənubluların uğursuzluğuna haqq qazandırmaq üçün maraqlı misallar çəkib:
 
1) “Elə klubumuz var ki, daim üst sıralarda yer alırdı, amma bu gün turnir cədvəlinin aşağı pillələrindədi”.
2) Ən azı, stadionumuzu banka girov qoyub, kredit götürməmişik, bazada qalmaq üçün kiməsə pul ödəmirik, məşq meydançasını icarəyə götürmürük.
Birinci bəndə diqqət yetirək və Nadirovun kimin “bostanına daş atdığına” aydınlıq gəirək. Bunun üçün turnir cədvəlinin 2-ci “beşliy”inə diqqət yetirmək gərəkdi. Aydın məsələdi ki, “Xəzər Lənkəran”ın vitse-prezidenti nə “Rəvan”ı, nə AZAL-ı, nə də “Sumqayıt”ı nəzərdə tutmayıb. İkinci “beşlik”də qalan komandalar isə… çalışdığı klubu nəzərə almadıqda, bir “Neftçi” qalır. Həmin “Neftçi” ki, ölkəmizin avrokubok tarixinə damğasını vurub. Həmin “Neftçi” ki, Nadirovun qurub-yaratdığı klubdan fərqli olaraq, Avropa Liqasında 1 mərhələ adlamağı heç vaxt özü üçün uğur saymayıb. Nadirovun çalışdığı klub isə… Hətta Moldovanın kəndlərində belə Allaha dua edirlər ki, nə yaxşı nəvaxtsa bəxtlərinə “Xəzər Lənkəran” kimi klubu çıxarıb, yoxsa avrokuboklarda mərhələ adlamaq arzuları heç vaxt çin olmazdı.
İkinci bənd də kifayət maraqlıdı. Stadion? Bank? Bu, lap “Bir qalanın sirri” filmindəki tapmacaya oxşayır: “Sim? Nar?” Nadirovun “Simnar”ı isə “bankir” kimi tanınan “İnter” klubudu. Maraqlıdı ki, büdcəsi “Xəzər Lənkəran”dan dəfələrlə az olan “İnter” də tarixi ərzində cənublulardan daha uğurlu nəticələrə imza atıb: həm daxili, həm də beynəlxalq arenada. Səbəb isə çox sadədi: komandaya ayrılan vəsait komandaya xərclənib, ciblərə ötürülməyib!
Tuyqun bəyin “bazada qalıb, pul ödəyən, məşq meydançasını icarəyə götürən” nominasiyası isə “Kəpəz”ə şamil olunub. Həmin “Kəpəz”ə ki, elə Nadirovun özünün faktlarını göz önünə gətirdikdə, ürək ağrımaya bilmir. Amma buna baxmayaraq, yesir kökündə olan “Kəpəz” turnir cədvəlində Nadirovun komandasına üstən aşağı baxır; Gəncə təmsilçisi 1-ci dövrədə Mübariz Mənsimovun sahibi olduğu, Mais Mənsimov – Tuyqun Nadirov tandeminin “möhtəşəm” şəkildə idarə etdiyi “Xəzər Lənkəran”ı boynubükük yola salmağı bacarıb.
Maraqlı məqamlardan biri də bundan ibarətdi ki, Nadirov faktiki olaraq AFFA-nın baş katibi Elxan Məmmədovun bostanına daş atıb. Çünki “İnter”in çarter reysinin təşkil edilməsində, “Neftçi”də və “Kəpəz”də Müşahidə Şurasının yaradılmasının ideya müəllifi məhz baş katibdi. Nəzərə alsaq ki, “Xəzər Lənkəran”ın vitse- prezidenti Elxan bəyin xeyir-duası olmadan KK sədri seçilə bilməzdi və bunu bilən Nadirov artıq baş katibə də ilişir, ehtimal etmək olar ki, onun futbol səhnəsindəki fəaliyyəti sona çatmaq üzrədi. Çünki reallığı itirən Nadirov özünə dost saxlamadı. Faktiki olaraq, “Neftçi”, “İnter” və “Kəpəz”ə müharibə elan edən Lənkəran klubunun vitse-prezidenti, artıq “ağır artilleriya”ya – Elxan Məmmədova da “əlcək atdı”… Keçmiş olsun.
CEYHUN ƏLİYEV
Shares: