Dünən Klublar Komitəsinin iclası keçirilib. Tədbirdə çoxlu sayda əmilər iştirak edib. Əmilərin başçısı Tuyqun kişi daha sonra jurnalistlərə ərz eyləyib ki, bir sıra mühüm məsələlər müzakirə olunub, klublar etiraz səslərini ucaldıblar. Nəyə etiraz etdiklərini bildirdikdə isə…
Vay dədə, vay! Sən demə Premyer Liqa oyunlarının hər birini canlı izləmək istəyən insanlar varmış. Tuyqun kişi deyib ha, biz demirik. Nə qədər kefli olmalısan ki, bu cür söz deyəsən? Mən, Kefli İsgəndər olsam da, belə sözü dilimə gətirə bilmirəm. Məsələn, şənbə günü saat 15:00-da “Kəpəz” – “İnter”, bundan 4 saat sonra “Neftçi” – “Sumqayıt” matçını görmək üçün hansısa azərbaycanlı çarter reysi ilə Gəncəyə uçur, oyundan dərhal sonra da təyyarəyə əmr edir ki, sür Bakıya, yoxsa o boyda hadisədən kənar qalaram! Amma eyni gündə 5 oyun olanda, təyyarənin yanacağı çatdırmır. Bax, buna görə də Tuyqun kişi narahat olur ki, millət narazıdı.
Vitse-prezidenti olduğu “Xəzər Lənkəran”ın meydançaya buraxmağa futbolçu tapmaması barədə də danışıb Tuyqun kişi. Ərz eyləyib ki, FİFA vicdansızdı! Nədi-nədi 20-30 futbolçunun aldadıblar deyə, daha transfer etməyə imkan vermir ali futbol qurumu. Düz sözə nə deyəsən? İmkan vermirlər də. Ki, “Xəzər Lənkəran” aldadılan futbolçuların sayı baxımından dünya rekorduna imza atsın, Ginnesin rekordlar kitabına düşsün.
Daha sonra Komitə sədri daha bir sevindirici xəbərlə bütün Azərbaycan xalqını göylərə uçurdub. Deyib ki, Topaz Premyer Liqasının oyunlarını Almaniyada izləyəcəklər. Təsəvvür edirsiniz, bu, nə deməkdi? Məsələn, Nadirovun zəhmətinin bəhrəsi – “Xəzər Lənkəran” bir komandaya cəmi 38 dəfə baş məşqçi təyin olunmuş Bəhmən Həsənovun rəhbərlik etdiyi “Rəvan”la qarşılaşır. Hansı alman futbolsevər bu cür möhtəşəm oyunu qoyub, hansısa “bezdarnıy” “Bavariya” – “Şalke” matçına baxar? Bu möhtəşəm bayramı almanlara yaşatdığınız üçün hətta Hitler də qəbrindən xortlayıb, dərin minnətdarlıqla qarşıladı.
Ancaq nədənsə yazını “Bəyin oğurlanması filmindən bir xırda epizodla bitirmək eşqinə düşdüm. 
 
 
Bax, Tuyqun kişi, elə sənin bu kökə saldığın “Xəzər Lənkəran”ı da uzaq Almaniyada görməsəydilər, daha yaxşı olardı.
KEFLİ İSGƏNDƏR
Shares: