“Qəbələ”nin ukraynalı mərkəz müdafiəçisi Vitali Vernidubun atası Yuriy Vernidub yerli mətbuata açıqlama verib. Futbolinfo.az xəbər verir ki, “Zarya” klubunda baş məşqçi işləyən mütəxəssis oğlunun “Qəbələ”yə keçidindən danışıb.
Ata Vernidub bildirib ki, oğlunun verdiyi qərarı dəstəkləyir: “Mən “Zarya”dakı maliyyə problemlərinə o qədər də fikir vermirəm. Vitalinin isə yaşı öz sözünü deyir. Həm də onun ailəsi var. 28 yaşında yaxşı təklif aldı. “Qəbələ” rəhbərliyi və baş məşqçi Roman Qriqorçuk onunla maraqlandığını bildirdilər. Roman uzun müddət Ukraynada işləyib və bu da müsbətdir. Bununla yanaşı “Qəbələ” qarşısında konkret tapşırıq qoyulub ki, bu mövsüm “Qarabağ”la çempionluq uğrunda mübarizə aparsın. Əlbəttə ki, maliyyə məsələlərində stabillik də qərarın qəbul edilməsində öz rolunu oynadı. Bəli, Rusiyadan da ciddi təklif var idi. Lakin o, Rusiyaya getsəydi, ona qarşı münasibət də neqativ olacaqdı. Həm də mənə qarşı burada münasibət fərqli olardı. Oğlum düzgün qərar qəbul etdi. Mən də bunu dəstəkləyirəm”.