Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda oktyabrın 5-də Bakıda “Qarabağ”ın qonağı olacaq “Monako”nun baş məşqçisi Leonardo Yardim yerli mətbuata açıqlama verib. Futbolinfo.az xəbər verir ki, çalışdırıcı təmsilçimizlə oyun haqqında da fikirlərini bildirib.
Yardim qeyd edib ki, son oyunlardakı nəticəni Bakıda da təkrarlamağa çalışacaqlar: “Qarabağ” və ardınca “Reyms”i məğlub etdik. Sabah isə “Anje” ilə çətin oyunumuz var. Bundan sonra bizi Avropa Liqasında daha məsuliyyətli qarşılaşma gözləyir. Ümid edirəm ki, qələbələrimizin ardını gətirəcəyik. Bakıda “Qarabağ”la matç çətin olacaq. Amma qələbəyə hər zaman inam var”.
41 yaşlı mütəxəssis komandada olan zədəlilərdən də danışıb: “Heyətdə bəzi zədəlilərimiz var. Komandada əvvəl sağ cinahda problemlər var idi. Amma Moutinyo və Tulalanın son çıxışları bizi sevindirir. Daha da irəli getməyə çalışacağıq”.
Yardim Joze Mourinyonun “Monako”nun baş məşqçi olmaq ehtimalını da dəyərləndirib: “Mourinyo dünyanın ən yaxşı məşqçisidir. Amma onun “Monako”ya gəlmək kimi variantı yoxdur. Bu sadəcə medianın müzakirəsidir. Mənim 4 illik müqaviləm var və burada çox xoşbəxtəm”.