Rusiyanın “Rossiya” telekanalı Azərbaycan futbolu haqda süjet hazırlayıb. Futbolinfo.az xəbər verir ki, şimallılar daha çox “Qarabağ”a həsr olunan reportajda, “Neftçi”nin əvəzediciləri barədə də söz açıblar.
Süjetdə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və müdafiəçisi Maksim Medvedevin fikirlərinə yer ayrılıb. Bununla yanaşı, Maksimin təmiz rus və köklü bakılı olduğu xüsusi vurğulanıb (siyasi baxımdan olduqca maraqlı gedişdi. Şübhəsiz, bunu deməklə rusiyalı həmkarlarımız həmvətənlərinə Azərbaycanın tolerant və rahat ölkə olduğunu çatdırmaq niyyəti güdüblər).
“Qarabağ”ın Belçika “Anderlext”inə qalib gəlməsinin artıq təsadüf olmadığını bildirən rusiyalı həmakrlarımız, son 2 mövsümün ölkə çempionunu futbolçu kimi bombardirlik keyfiyyəti ilə seçilən Qurban Qurbanovun çalışdırdığını qeyd ediblər.
Eyni zamanda, Avropa Çempionatı-2020-nin qrup və ¼ final matçının paytaxtımızda keçiriləcəyini qeyd edən “Rossiya”, millimizin qitə birinciliyinin final mərhələsinə qatılmağa borclu olduğunu vurğulayıb.
Bununla yanaşı, klub futbolundakı sıçrayışın bariz nümunəsi kimi birdən-birə 2 klubumuz – “Qarabağ” və “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsində iştirak etdiyi qabardılıb.