“Qarabağ” – AZAL matçından sonra meydan sahiblərinin müdafiəçisi Elvin Yunuszadə jurnalistlərin suallarını cavablandırıb:
– Premyer Liqada artıq elə bir yerinə gəlmişik ki, heç bir oyunda rahat qalib gəlmək olmur. Çempionatda qazanılan hər qələbə vacibdi. Qalib gəldiyimizə görə şadam. İndi “Monako” ilə oyuna rahat hazırlaşa bilərik.
– “Qarabağ” son oyunlarda sanki çox qol vurmaqda çətinlik çəkir…
– Çox sıx qrafiklə oynayırıq. Artıq ardıcıl 4-cü oyundu ki, 3 gündən bir meydana çıxırıq. İstər-istəməz bu da təsirini göstərir. 
– Demək istəyirsən ki, hazırda “Qarabağ”da hazırda düşüş var?
– Xeyr, düşüş deməzdim, bir az yorğunluq var. 
– Amma nəzərə alaq ki, heyətiniz də kifayət qədər genişdi…
– Razıyam, amma bir heyətin optimal çıxış etməsi üçün daha çox bir yerdə oynamağı lazımdı. Bu, futbolçularla anlaşmada da təsirini göstərir. Həm də AZAL-ın son vaxtlar yüksəlişdə olduğunu da nəzərə almaq lazımdı. 
– Əvvələr “Qarabağ” daha çox qol vurardı. Komanda enerjisinə qənaət edir, yoxsa rəqiblər güclənib?
– Xeyr, gücünə qənaət etdiyini deməzdim. Bütün oyunlara eyni cür hazırlaşırıq. Yorğunçuluq, digər komandaların bizə qarşı əlavə motivasiya ilə meydana çıxmağının da təsiri var.
– Son vaxtlar tez-tez əsas heyətdə yer alırsan. Belə düşünmək olarmı ki, Rəşad Sadıqovun gedişindən müdafiədə Elvin-Bədavi tandemi olacaq?
– Əlimdən gəldiyi qədər çalışıram. Qurban müəllim də sağ olsun şans verir, psixoloji cəhətdən köməklik edir. Komandaya uyğunlaşmaqda çətinlik çəkmədim. Sanki uzun illərdi bu komandadayam. Komandada hamının oynamaq imkanı var. 
– “Qarabağ”da oynamaq asandı yoxsa “Neftçi”də?
– Müqayisə etmək düzgün deyil, hərəsinin öz yeri var. “Neftçi”də əsasən, güc futboluna üstünlük verilirdi. “Qarabağ”da isə daha çox topla rəftar edirik. 
– Bunlardan hansı sənin üçün rahatdı?
– Mənə elə gəlir ki, hazırkı vəziyyətdə “Qarabağ”da rahatdı. Açığı bu suala cavab vermək bir az çətindi. 
– Qarşıdan “Monako” ilə oyun gəlir. Bu matç haqda düşüncələrin nədi?
– Rəqibin gücü hamıya bəllidi. Fikrimcə, Fransada pis çıxış etmədik. Amma bəxtimiz gətirmədi, məğlub olduq. Bakıdakı matçda azarkeşlərimizi sevindirməyə çalışacağıq. 
– “Neftçi”nin vəziyyəti heç də ürəkaçan deyil. Sabiq klubunun durumu ilə bağlı nə deyə bilərsən?
– “Neftçi”yə uğurlar arzu edirəm. Hər bir komandanın eniş vaxtları olur. İnanIram ki, “Neftçi” əvvəlki vaxtlarına qayıdacaq.
 
ELMAR ABDULLA-ZADƏ
Shares: