“Zirə”nin salvadorlu hücumçusu Nelson Bonillanın futbolinfo.az saytına müsahibəsi:
– "İnter"dən alınan 1 xal sizin üçün uğurlu nəticədir?
– Çox çətin rəqib idi. "İnter" Azərbaycan futbolunda öz sözünü demiş komandalardan biridi. Bu cür komandayla səfərdə qarşılaşdığımızı nəzərə alsaq, hesab edirəm ki, 1 xal da bizim üçün uğurlu nəticə sayılmalıdı. 
– 0:0 hesabı matçın ədalətli nəticəsi idi?
– Demək olar ki, bərabər səviyyəli mübarizə getdi. Hər iki komandanın qol vurmaq üçün şansları oldu. Onu da nəzərə almaq lazımdı ki, "İnter"in məqsədi Avropa Liqasına vəsiqə qazanmaqdı. Biz isə Premyer Liqada qalmaq üçün mübarizə aparırıq. Çünki hələ yeni yaranmış komandayıq. Qarşıdakı oyunlara hazırlaşmaq lazımdı.
– Ancaq qələbə qazansaydınız, turnir cədvəlində 3-cü pilləyə yüksələcəkdiniz…
– Məncə, ilk növbədə Premyer Liqada qalmaq barədə düşünməliyik. Çünki "Zirə" yüksək liqada hələ debüt edir. Məqsədimiz də bəllidi. Bu üzdən də, bayaq da qeyd etdiyim kimi, səfərdə qazanılan 1 xal da bizim üçün qənimətdir.
– Geridə qalan 11 tura baxdıqda, Premyer Liqada qalmaq sizin üçün problem sayılmamalıdır. Hətta artıq avrokuboklar barədə düşünə bilərsiniz…
– Doğrudu, Avropa Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə apara bilərik. Ancaq ilk məqsədimiz elitada qalmaqdı. Bu yolda "İnter"dən səfərdə 1 xal almaq da vacib idi ki, buna da nail olduq.
– Hücumda "dişsiz" görünürdünüz. Bu nə ilə bağlı idi?
– Hazırda bərpa prosesindəyəm. Milli komandadan qayıdandan bəri hələ də gücümü bərpa etməyə çalışıram. İnanıram ki, turdan-tura hər şey yaxşıya doğru dəyişəcək.
– İlk hissədə nisbətən fəal görünsən də, fasilədən sonra heç nə ilə yadda qalmadın. Problem nədən qaynaqlanır?
– Bu, taktiki gedişlərdən asılı olan bir şeydi. Düzdü, bəzi qol imkanlarım oldu. Həm mənim, həm də Rəşad Abdullayevin hesabı açmaq üçün şansımız yarandı. Ancaq ikinci hissədə mübarizə, demək olar ki, meydançanın mərkəzində gedirdi. Bu da mənim çıxışıma öz təsirini göstərdi.
– Mövsümə uğurlu start götürsəniz də, son 4 matçda ümumilikdə 3 xal əldə etmisiniz. Bunun səbəbini nə ilə izah edə bilərsən?
– "Zirə" hələ yeni komandadı, tələsməyin.
CEYHUN ƏLİYEV
Shares: