16 oktyabr 2015-ci il. Ukrayna mətbuatında şok iddia səslənir: “Roman Qriqorçuk milli komandanın “sükanı arxasına” keçir”.
17 oktyabr 2015-ci il, “Neftçi” – “Qəbələ” matçından sonra qonaqların baş məşqçisi Roman Qirqorçuk Ukrayna yığmasını çalışdırmaq ehtimalı ilə bağlı sualı cavablandırır: “Şərhsiz”!
Həmin tarixdən 2 həftə ötüb, “Qəbələ” 4 rəsmi oyuna çıxıb – 3 dəfə Topaz Premyer Liqasında, 1 dəfə də Avropa Liqasının qrup mərhələsi çərçivəsində. Amma Qriqorçukun adı Ukrayna yığması ilə yanaşı hallananı “Qəbələ” bir dəfə də olsun kiminsə dizini yerə vurmayıb. Həmin “Qəbələ” ki, qitənin Avropa Liqasına 1-ci təsnifat mərhələsindən qatılıb, qruplaradək irəliləyən 2 klubundan biridi. Həmin “Qəbələ” ki, “Dinamo” (Tiflis) kimi Kuboklar Kubokunun qalibi, “Panatinaikos” kimi qitə nəhənglərinə qan udduran komandalara futbol dərsi keçmişdi. Həmin “Qəbələ” ki, Kipr kimi ermənipərəst ölkədə məğlub olmamışdı. Həmin “Qəbələ” ki, son iki çempionatın qalibi “Qarabağ”ı 1-ci dövrədən sonra arxada qoymağı bacarmışdı.
Ancaq “zalım xəncəri” elə həmin “Qabələ”yə uğur gətirən ölkənin vətəndaşının həmvətənləri tərəfindən sancıldı. Özü də rəqəmlər elə pis “satqınlıq” edir ki, qarşısında heç bir əks-arqument səsləndirmək olmur:
04.10.2015 “Qəbələ” – “Xəzər Lənkəran” 6:0
16.10.2015 Ukrayna mətbuatı Qriqorçukun milliyə baş məşqçi vəzifəsinə gətiriləcəyini iddia edir.
17.10.2015 “Neftçi” – “Qəbələ” 0:1 (Qol 90-cı dəqiqədə vurulur)
Matçsonrası mətbuat konfransında Qriqorçuk xəbəri təkzib etmir və faktiki olaraq, təsdiqləyir: “Şərhsiz”!
Və “şərhsiz” ifadəsindən sonra Qriqorçukun komandasının göstərdiyi nəticələr diqqət yetirək, özü də şərhsiz.
“Qəbələ” – “Zirə” 0:0
“Qəbələ” – AZAL 0:0
“Qəbələ” – “Borussiya” 1:3
“Qəbələ” – “Kəpəz” 1:2
Qriqorçukun komandası “şərhsiz” kəlamından sonra 4 oyun keçirib. Bu qarşılaşmaların hamısı doğma publika qarşısında oynayıb. Bu qarşılaşmaların heç birində qələbə qazanılmayıb. Bu qarşılaşmaların 2-də komanda məğlubiyyətə düçar olub.
İstəməzdik inanaq, amma beynəlxalq praktikada bu cür hallar var: müqaviləsi olan və daha cəlbedici təklif alan məşqçilərin komandaları “gözlənilmədən” uduzmağa başlayır. Ki, azad agent statusu ilə həmin cəlbedici təklifi müsbət dəyərləndirsin.
CEYHUN ƏLİYEV