Payızın oğlan çağı. Sumqayıtda yaşayan futbolsevərlərin durumuna acımamaq olmur. Dənizin kənarında yerləşən stadion küləkli havanının ürək döyüntüsüdü. Stadiona gələnlər sevimli komandalarına nə qədər azarkeşlik etsələr də, arada dua etməyi unutmurlar. Dualarının məqsədi də birdi: “Bircə oyun qurtaraydı”. 
 
Tribunalarda əyləşən fanatların yanında media mənsublarının yer tutması anormallıq olsa da, artıq bu, adət halını alıb. Klubun XIX əsrlə fərqlənməyən dəst-xəttinə isə acımamaq olmur. Ancaq mətləbə addım-addım yaxınlaşaq. Beləliklə, stadiona daxil olan jurnalist vəzifə borcunu icra etmək üçün yerini tutmaq istəyir. Ay-hay! Yer var? Ayaq üstə dayan, canın çıxsın polis əməkdaşının arxasından boylan və hansısa epizodu görsən, qələmə al. Bu da “Sumqayıt” PEŞƏKAR FUTBOL KLUBUnun peşəkarlığı. 
 
"Neftçi" ilə son oyunun fasiləsində klubun prezidenti Kamran Quliyevə “oyunlarınızı işıqlandırmağa jurnalistlərin gəlməməsi üçün əlinizdən gələni edirsiniz. Birdəfəlik deyin, oyunlarınıza gəlməyək də”, dedikdən sonra, klub prezidenti əsdi-coşdu. Hətta fasilədən sonra ayaq üstə qalan KİV təmsilçilərinin yerləşməsi üçün addımlar da atdı. Ancaq nəyə lazım? Məgər jurnalist dilənçidi ki, yerləşməsi üçün dava etsin? 
 
Bəs oyunun komissarı Maşallah Əhmədovun işi nədən ibarət idi? Yalnız tanıdıqları yoldaşları fasilədə qucaqlamaqla iş bitir? AFFA-nın bu stadionda oyunların keçirilməsinə icazə verməsinin bir adı var – RÜSVAYÇILIQ! Media təmsilçisinin yerləşdiyi oturacaq azarkeşlərin yanındadı. Fanata necə deyəsən ki, komandana azarkeşlik etmə? Kişinin oğlu ayağa qalxır, şüarlar səsləndirir və bu da təbiidi. 
 
Bəs zalım oğlu zalım – jurnalist nə etsin? Nə qədər kiminsə arxasından meydançaya boylanmaq olar? Allah xatirinə, rəsmən elan edin ki, “Sumqayıt”ın ev oyunlarına jurnalistlər buraxılmır! Edin bunu, sizin də, bizim də canımız qurtarsın. Biz yetimxana uşaqları deyilik ki, kimdənsə imdad diləyək. Heç kimdən də gözükölgəliyimiz yoxdu. Oyunları boykot da edə bilərik, UEFA-ya şikayət də! Bu biabırçılığı bitirin, gəlin Sumqayıt əhlinə düşmən kəsilməyək. Çünki UEFA media mənsublarının işləməsi üçün şəraitin olmamasından xəbər tutsa, Sumqayıtda oyunların keçirilməsinə qadağa qoyacaq. 
 
Yerli publikanın futbolsuz qalmasını istəmirik. Amma bu minvalla sumqayıtlı futbolsevərləri futbolsuz qoyacaqsınız. Bax, onda, vay həmin yoldaşların halına.
 
CEYHUN ƏLİYEV
Shares: