CBC kanalının direktoru İlham Rüstəmov “facebook” səhifəsində paylaşım edib. Futbolinfo.az xəbər verir ki, bir neçə gün öncə Klublar Komitəsinin iclasından sonra jurnalistlərin sualına “istəyirsiniz, xadiməni dəvət edim, cavabı səsləndirsin” deyən kanal rəhbəri indiki halda cümləsini “hörmətli həmkarlar” deyərək başlayıb.

Artıq azərbaycanlı jurnalistlərlə həmkar olduğunu xatırlayan, əslində isə əlacsız duruma düşdüyünü anlayaraq, “həmkarlıq kodeksi”ni xatırlayan Rüstəmov “CBC Sport” kanalının peykə çıxa bilməməsini ört-basdır etmək üçün media mənsublarından kömək istəyib: “Hörmətli həmkarlar! Bu gün bizdən asılı olan hər şeyi etdik ki, peykə çıxa bilək. Ancaq yekunda “AzərKosmos”la qeyri-adi danışıqlar baş verdi. Bu danışıqların nəticələrinə görə bəyan etmək istəyirəm ki, bizə təklif olunan format və buna görə ödəniləcək məbləğ elə həddədir ki, “CBC Sport” “AzeriSpace”də çıxmayacaq.
P.S. Hörmətli jurnalistlər, müqavilənin məbləğini açıqlamayacam”.
 
Açığı, kimin “CBC Sport”dan hansı məbləği istədiyi bizə heç maraqlı da deyil. Maraqlı olan məbləğ 5 min manatdı. Həmin 5 min ki, Rüstəmov cənabları Futbolinfo.az saytından istəmişdi. Xəbərsiz olan oxucularımıza bildirmək istəyirik ki, CBC kanalı Topaz Premyer Liqasının oyunlarından videogörüntülərin yayımı üçün saytımızdan 5 min manat tələb etmişdi. Bəs, bilmirdiz ki, hər şeyi öz arşınızla ölçəndə sizə də “qiymət oxuyan” tapılacaq? İndi isə ortaya bir neçə sual çıxır.
1) Ölkədə müstəqil şəkildə normal fəaliyyət göstərən tək-tük (təvazökarlıqdan uzaq olsa da, qeyd edək ki, yeganə) saytdan 5 min manat tələb edərkən, hansı meyarlara söykənmişdiniz, cənab Rüstəmov?
2) Marketinq siyasətinin nə olduğunu bilməyən (bilsəydi, ölkədə fəaliyyət göstərən müstəqil saytdan belə məbləğ tələb etməzdən öncə, xərclərini hesablayardı) insanın telekanalın başında nə işi?
3) Noyabrın 1-dən Topaz Premyer Liqasının bütün oyunlarını canlı yayımlayacağına söz verən telekanalın rəhbəri sözünü tuta bilmirsə, bu cür kanalı ona etibar etmək olarmı?
4) Əlinin altında CBC kanalının normal fəaliyyəti ola-ola “CBC Sport” kanalının test rejimində yayımlandığı üçün görüntülərin itib-batmasına bəraət qazandırmaq istəyən Rüstəmov istefa vermək üçün bundan gözəl şans qazana bilərmi?
 
Bu sualların bir cavabı var. Rusiyada İlya, Azərbaycanda İlham Rüstəmov kimi tanınan yoldaş tezliklə gəldiyi yerə – Rusiyaya qayıdacaq.
Shares: