Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində baş tutan oyunlar arasında ən bol qol vəziyyəti yaranan “Sumqayıt” – “Neftçi” matçı oldu. Topa daha çox nəzarət edən tərəf qonaqlar olsa da, Samir Abasovun yetirmələrinin qol epizodlarının sayını hesablamaq üçün əl barmaqları yetməzdi. Amma bir sıra epizodlarda bəxt, bəzi hallarda meydan sahiblərinin futbolçularının son nöqtəni qoyarkən, keyfiyyətsiz zərbələri, müəyyən hallarda isə Aqil Məmmədovun əla oyunu “Sumqayıt”ın qələbəsini əngəllədi.
“Neftçi”nin boş oturduğunu demək də doğru olmazdı. “Ağ-qaralar”sürətli futbol sərgiləyir, rəqibinin qapısına həmlələr etməyə çalışırdı. Amma onlar son ötürmədə texniki qüsurlarla yadda qalırdı ki, bu da qol epizodlarının sayının az olmasını şərtləndirirdi.
Fasiləyədək dəfələrlə fərqi 2 topa çatdırmaq şanslarını boşa verən “Sumqayıt” mütləq cəzalandırılmalı idi. İkinci hissədə bunun şahidi olduq. Əvvəlcə Slavik Alxasov topu Şəhruddin Məhəmmədəliyevə sinəsi ilə ötürmək istəyərkən, faktiki olaraq, Fəhmin Muradbəylinin qapıçıları ilə təkbətək çıxması üçün ötürmə etdi və “Neftçi”nin gənc forvardı bu şansdan maksimum yararlandı. Ardınca isə Rəhman Hacıyevin ara ötürməsindən sonra Ruslan Qurbanov iti bucaq altında cərimə meydançasına daxil oldu. Onu iki müdafiəçi təqib etsə də, Şəhruddin özünü irəli atdı və Qurbanov əlcək sahibini keçərkən, qolkiper onu yıxdı. Rauf Cabbarov haqlı olaraq, “nöqtə”ni göstərdi və zərərçəkən özü bu şansdan maksimum yararlandı.
Maraqlıdı ki, oyundan sonra “Neftçi”nin futbolçuları açıqlama verməkdən boyun qaçırdılar. “Ağ-qaralar”ın Müşahidə Şurasının üzvlərinin əhatəsində dayanan sədr Çingiz Abdullayevlə danışmaq cəhdimiz də bəhrəsini vermədi: klubun İcraçı direktoru Elnur Məmmədov “gələn dəfə, çox xahiş edirəm, bu dəfə yox”, deməklə Abdullayevlə dialoqumuzun baş tutmasının qarşısını aldı. Görəsən nadir hallarda qələbə qazanan “Neftçi” heç olmasa bunun dadnını çıxarmaqdan niyə imtina edir?
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov isə mətbuat konfransında futbolçuları ilə fəxr etdiyini bildirdi. Yetirmələrinin paltardəyişmə otağında ağladıqlarını bildirən gənc mütəxəssis, gələcəyə nikbin baxdığını gizlətmədi. Ən maraqlı məqam isə Abasovun hesabda öndə olarkən, niyə bir qədər sürəti azaltmaması ilə bağlı sualı cavablandırması oldu: “Bu komanda heç vaxt geri çəkilməyəcək. Hesabdan asılı olmayaraq, vaxt öldürməyə oynamayacağıq. Əgər oynasalar, mən burda olmayacam”. Hə, və əlbəttə ki, sevimli söz birləşməsini də unutmadı: “V dannıy moment”…
CEYHUN ƏLİYEV