Topaz Premyer Liqasının XI turu yağışlı, qarlı, dumanlı havada başladı, günəş kürəyi isidəndə sona çatdı. Yağışın isladıb, günəşin qurutduğu turda hansı izlər qaldı? Birgə nəzər salaq…
Nadir hadisələrdən biri…
Oyunun iki günə keçirilməsinə Azərbaycanda nadir hallarda rast gəlinib. Yaxın keçmişə nəzər salsaq, Zaqatalada bir oyunun duman, Bakıda isə qar səbəbindən təxirə salındığını deyə bilərik. XI turda keçirilən “Qəbələ” – “Kəpəz” görüşünün də başının üstünü duman aldı. 31 oktyabrda 29-cu dəqiqədən etibarən təxirə salınan matçda oyunun qalibi seçki günündə seçildi. 2-1 hesabı ilə qalib gələn “Kəpəz” əslində sensasiyaya imza atmadı, sadəcə gözələnilən məğlubiyyəti “Qəbələ”əyə yaşatdı. Məncə, “Qəbələ” üçün 3 xal itkisi elə də ciddi problem deyil. Ən ciddi problem isə əsas qapıçı Dmitri Bezatosnının sıradan çıxmasıdır. Ən azından 1 ay yaşıl meydançalardan kənarda qalacaq qolkiperin yoxluğu şimal təmsilçisi üçün böyük təhlükədir.
“Qəbələ”yə nə olub?
Sıx qrafikdə keçirilən 3 oyunda “Qəbələ” cəmi 2 xal qazandı. Bütün bunlar ondan xəbər verir ki, “qırmızı-qaralar” iki cəbhədə vuruşmağa hələ hazır deyil… Ümumiyyətlə, belə hallarda həmişə problemlər meydana çıxır. “Qəbələ”də bu problemlər isə daha aşkar görünür. Bunun səbəbi isə əyalət təmsilçisinin ilk belə təcrübə yaşamasıdır. Hazırda komanda çox istəkli görünsə belə, futbolçuların sifət cizgilərində dastan şəkilində olan yorğunluq ifadələrini aşkar sezmək mümkündür.
Raydell Pupon üçün olan əlavələr
AZAL son turların döyüşkən kollektiv təsirini bağışlasa da, bütün bunlar “Qarabağ” üçün yetmədi. Ağdam təmsilçisi tarixinin ən sönük oyunlarından birini keçirməsinə baxmayaraq, "təyyarəçilər" üzərində 2:0 hesablı qələbə qazana bildi. Əfran İsmayılovun qol vurması adi hal olsa da, Raydell Puponun “Qarabağ”ın heyətində ilk qolunu vurması əlamətdar hadisədir. Hətta bunu Qurban Qurbanov da etiraf etdi…
Ən maraqsız oyun…
Topaz Premyer Liqasının XI turunun “İnter” – “Zirə” görüşünü bəlkə də mövsümün ən darıxdırıcı, ən məzmunsuz oyunu kimi qələmə verə bilərik. Oyun barədə, sözün əsl mənasında yazmağa heç nə yoxdur. Ardıcıl top itkilərinin, məntiqsiz hücumların olduğu oyundan nə yazasan? Oyundan çox onun ətrafında baş verənlərdən danışsaq, daha maraqlı olar. “Zirə”nin cəzalı baş məşqçisinin Adil Şükürova tribunada oturması üçün “İnter” tərəfindən edilən süni maneələr, oyundan sonra isə ev sahibi futbolçuların verdiyi açıqlamalar hələ çox problemi həll etməli olduğumuza işarədir.
Samirlərin döyüşündə “Ə” “A”dan öndə oldu
Məğlubiyyətə baxmayaraq, “Sumqayıt” bəlkə də tarixinin ən çox qol epizodunu yaratdı. Komanda oyuna həqiqətən də çox istəkli başladı və öz qolunu vurdu. Ümumiyyətlə, ilk hissədə meydançada 1 komanda vardı – bu da “Sumqayıt” idi. Ardıcıl qurulan məntiqli və sürətli hücumlar “Neftçi”ni həqiqətən də aciz duruma salmışdı. İkinci hissənin əvvəlində də heç nə dəyişmədi. Hər şey plan üzrə getdiyi vaxtda Samir Abasovun oyun stilini dəyişib, daha çox müdafiəyə çəkilməsi bəlkə də, oyunda dönüş nöqtəsi oldu. Məhz çox müdafiə olunmağın yaratdığı səhvlərdən sonra “Neftçi” bərabərlik qolunu, daha sonra isə qələbə qolunu vurdu. Dönüş yarada bilməsinə görə, “Neftçi”ni alqışlamaqdan öncə bu cür məzmunsuz oyuna görə günlərlə tənqid etmək lazımdır. Çıxış yolu tapılmalıdır!
“Rəvan” can üstə olan “Xəzər Lənkəran”a da uduzdu
Elə oyunlar var ki, qələbə 3 xal yox, 6 xal qazandırır. Dünən “Xəzər Lənkəran” “Rəvan”la oyunda qalib gəlib, aktivinə 6 xal yazdırdı. Çünki hazırda “sarı-qırmızılar” Lənkəran təmsilçisinin dişinə görə rəqibdir. Əslində, görüşdən öncə paytaxt klubunun şansları daha yüksək idi. Nisbətən geniş heyət, meydan amili Bəhmən Həsənovun kollektivinin tərəfində idi. Oyunun gedişində Skarlatakenin zədə alması da ev sahibləri üçün üstünlük idi. Amma indiyə qədər qələbə üzünə həsrət qalan "aslanlar" bütün bu üstünlüklərin fonunda yenə meydanı başıaşağı tərk etdi. 11 oyunçunu güc bəla ilə tapıb, heyət quran Yunis Hüseynovu isə alqışlamaq lazımdır. Ən azından dekabrın sonuna kimi…
TİMUÇİN