Dünən Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində autsayder komandaların duelində xoşagəlməz hal yaşanıb. “Rəvan”ı səfərdə vurulan yeganə qol hesabına məğlub edən “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov baş hakim Orxan Məmmədovu təhqiredici sözlərə “qonaq edib”. Bu barədə futbolinfo.az saytı dünən məlumat vermişdi. 
Bu gün İntizam Komitəsinin qərarları açıqlandıqda təcrübəli mütəxəssislə bağlı heç bir qeydin olmaması təəccüb doğurmaya bilməzdi. Məsələyə aydınlıq gətirmək üçün qarşılaşmanın hakim inspektoru Rövşən Əhmədovla əlaqə saxladıq. Sabiq hakimlə qısa dialoqumuzu diqqətinizə çatdırırıq:
– Oyunla bağlı bütün lazımi qeydləri aparmışam və komitəyə təqdim etmişəm. Konkret qeydlərə gəlincə, bunu təlimatlara uyğun olaraq, açıqlaya bilmərəm.
– Heç bunu sizdən istəmirik də, Rövşən müəllim. Sadəcə, oyunun əlavə olunan vaxtı sona çatdıqdan sonra baş hakimin bundan da artıq görüşü davam etdirməsi Yunis Hüseynovun qəzəbinə səbəb olmuşdu və nəticədə o, baş hakimi söyüş atəşinə tutdu.
– Baş hakim əlavə olunan vaxt əvəzetmə baş verdiyi üçün 4-cü hakimin lövhədə göstərdiyi vaxtdan artıq zamana ehtiyac duymuşdu ki, bu da doğrudu. 

 
– Bax, elə həmin dəqiqəyə görə də Hüseynov Orxan Məməədovu söydü. Özü də bu, 4-cü hakim Rəvan Həmzəzadənin düz gözü qarşısında baş verdi. Amma Həmzəzadə bu bəradə nə baş hakimə məlumat verdi, nə də İntizam Komitəsinin qərarlarından da göründüyü kimi, protokolda qeyd aparılmayıb. Ancaq 4-cü hakimin “eşitmədiyi” sözlər tribunalarda açıq-aydın duyulurdu…
– Mən VİP-lojada əyləşmişdim. Ordan heç bir söyüş eşitməmişəm. Hüseynovun çılğınlıq etdiyini görmüşəm, bu da təbiidi. Baş məşqçi həyəcanlanır. Amma söyüş eşitməmişəm. Heç kimin qarşısında gözükölgəliyim yoxdu, o cümlədən də Yunis Hüseynovun. Nəsə eşitsəydim, mütləq qeyd edərdim.
– Necə hesab edirsiniz, 4-cü hakimin gözü qarşısında, qulağı eşidə-eşidə baş hakim söyülürsə və o, buna reaksiya göstərmirsə, Azərbaycanda bu funksiyanı daşıyan ədalət təmsilçilərinə ehtiyac varmı?
– Bir daha deyirəm ki, ola bilər ki, həqiqətən də söyüş olub, amma inanın ki, eşitməmişəm. Bunu 4-cü hakimin niyə qeyd etməməsini isə deyə bilmərəm.
Stadionda olan və oyunu canlı izləyən futbolinfo.az saytının əməkdaşının yalan danışmağa heç bir ehtiyacı yoxdu. Rövşən Əhmədovun da VİP-lojadan həmin söyüşü eşitməməsi qəbul edilir. Amma Rəvan Həmzəzadənin eşidib, reaksiya verməməsi Hakimlər Komitəsində işlərin qeyri-peşəkar aparılmasından xəbər verir. Bir halda ki, “qarapaltarlı” oyuna psixoloji cahaətdən hazır deyilsə və özünü itirirsə, onun Premyer Liqa oyununa təyinat alması yolverilməzdi! Çətin ki, məsələyə İntizam Komitəsində qayıdalar. Yunis Hüseynovun özünün də müraciət edərək, cəzalandırılmaq istəməsinə inanmağımız gəlmir. Beləcə, hadisənin üstündən növbəti dəfə "su içiləcək" və unudulacaq. İşləyin, qonorarlarınızı alın, “gənc hakimlər yetişdiririk”, deyin. Yetişdirin, söyüləndə də “eşitməyin”.
Shares: