Sabah qrupun ən çətin və bəlkə də ən həlledici oyununda “Qəbələ “Borussiya”nın qonağı olacaq. Bu mövsüm hər cür bəxtsizliklərə baxmayaraq, əksər sınaqlarından üzüağ çıxan “qırmızı-qaralar”ın Almaniyadan uğurlu nəticə ilə dönəcəyinə inam az olsa da, qəlbimizin dərinliyində ümid var.
Bakıdan Qəbələyə yollanan jurnalistlər Dortmunda buradan yola düşdü. 4 saat 40 dəqiqəlik yolun sonunda, saat 21:20-də Almaniyaya yetişdik. “Qəbələ” üçün xoş olmayan ilk xəbəri elə hava limanında aldıq. Dortmund hava limanında bütün futbolçular pasport qeydiyatından uğurla keçsə də, yalnız Məhəmməd Mirzəbəyovun sənədlərində nəsə problem yaranmışdı və o, digər komanda yoldaşlarından fərqli olaraq yoxlama məntəqəsinin yanında saxlanılmışdı. Mirzəbəyovdan bunun səbəbini soruşsaq da, futbolçu özü də məsələyə aydınlıq gətirə bilmədi. Ona yalnız gözləməyi tapşırmışdılar. Onu qeydiyatdan uğurla keçmiş futbolçulardan yanız dostu Arif Daşdərmirov gözləyirdi.
Almaniyada ilk xoş sürprizlə də hava limanında rastlaşdıq. Belə ki, bir “Borussiya” azarkeşi əlində lövhə dayanmışdı. Lövhənin üzərində “Qəbələ”nin loqosu var idi. Alman fanat təmsilçimizin futbolçularından imza almaqla məşğul idi.
Xüsusi avtobus bizi Hagen qəsəbəsinə apardı. Bura Dortmunddan 15-20 dəqiqə uzaqlıqdadı. “Merkuri” otelində yerləşdikdən sonra payız xəzəlinin qalaqlandığı küçələri gəzmək imkanımız oldu. Yerli sakinlər çox az gözə dəyirdi. Qəsəbə sakini olan bir türk gənc bunun səbəbini izah edərkən almanların ara günləri qarışqa kimi işlədiyini, yalnız həftəsonu əyləncəyə, gəzməyə meylli olduğunu bildirdi. O bizə burada bir həmyerlimizin də yaşadığını söylədi. Həmin şəxs 150-200 min əhalisi olan qəsəbənin ən strateji yerində “obyekt”i olan naxçıvanlı Hacıbaba adlı birisi idi. Həmyerlimizin yeməkxanasının stateji məkanda olmasını əbəs yerə qabartmadım. Çünki həmin türk yoldaşdan nə soruşsaq, hamısında Hacıbabanın məkanının yanında yerləşdiyini və ya yolun ordan keçdiyini bildirdi.
Türk qardaşla sağollaşdıqdan sonra yolboyu həmkarlarımızla “ruhlar qəsəbəsi”ndə deyib gülə-gülə otelə gedib günü başa vurduq. İnanaq ki, “Qəbələ”nin qələbəsindən sonra Dortmund da “ruhlar şəhəri”nə dönəcək və sükutu pozan yalnız bizim sevincimiz olacaq.
ELMAR ABDULLA-ZADƏ, Bakı – Qəbələ – Dortmund