Dortmund “Borussiya”sının aparıcı üzvlərindən olan Henrix Mxitaryan Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qəbələ”ylə baş tutacaq oyun öncəsi Almaniya mətbuatına fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, erməni futbolçu Bakıda baş tutan qarşılaşmaya gəlməməsi barədə danışmaqdan imtina edib.
Yeni baş məşqçi Tuhelin rəhbərliyi altında daha uğurlu çıxış etdiyini bildirən Mxitaryan bütün diqqətini sabahkı görüşə yönəltdiyini bildirib: “Bəzi insanlar deyir ki, Bakıya getməməyim düzgün qərar idi. Digərləri iddia edirlər ki, yanlış addım atmışdım və Azərbaycana səfər edib, meydana çıxmalı idim. Ancaq hesab edirəm ki, burda qalmağımla bağlı verdiyim qərar düzgün idi. Eyni zamanda, Bakıda keçirilən qarşılaşma haqda danışmaq istəmirəm. Çünki bu, keçmişdə qalan oyundu. Keçmişi isə ümumiyyətlə, müzakirə etmək istəmirəm. Məni düşündürən “Qəbələ”yə qarşı Dortmundda baş tutacaq matçdı. Burda nə baş verəcəyi ən çox düşündüyüm məsələdi. Zənnimcə, normal oyun olacaq. Heç kimə, heç nəyi sübut etməyi düşünmürəm”.
Xatırladaq ki, Henrix Mxitaryan “Qəbələ”yə qarşı Bakıda baş tutan oyuna siyasi motivlərə görə gəlməmişdi.
Shares: