Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Qarabağ”ın qonağı olacaq Fransa “Monako”su paytaxtımıza 20 futbolçuyla gəlib. Dünən axşam saatlarında ölkəmizə təşrif buyuran “knyazlıq klubu” bu gün paytaxtımızda yeganə məşqini keçirəcək.
Leonardo Jardimin yetirmələri Tofiq Bəhramov adına Respublika stadionunda məşq etsələr də, Azərbaycan çempionu bunu Suaraxanıdakı “Azersun Arena”da həyata keçirəcək. Fransızlar ölkəmizə qrup lideri kimi gəliblər. Maraqlıdı ki, hazırda 4-cü pillədə qərarlaşan Qurban Qurbanovun yetirmələri Bakıda qələbəni bayram etsələr, sonuncu pilləni tərk edərək, hətta qrup liderliyinə də yüksələ bilərlər. Bunun üçün qrupdakı digər görüşdə heç-heçə qeydə alınmalıdı.
İlk oyunda Laçina Traorenin qolu hesabına qələbəni bayram edən “Monako” elə də güclü təsir bağışlamadı və Bakıda bu komandanı məğlub etmək mümkündü. Necə ki, Belçika “Anderlext”ini boynubükük şəkildə yola salmışdıq. İndi növbə fransızlarındı. “Qarabağ”ın evdə daha inamlı futbol sərgilədiyinin dəfələrlə şahidi olmuşuq. Çempionumuz üçün bu görüş həyati əhəmiyyət kəsb edir. Çünki Qurban Qurbanovun komandası qalib gələcəyi təqdirdə 1/16 final yolunda olduqca mühüm addım atmış olacaq.
Amma ehtimal etmək olar ki, “atlıılar” ilk dəqiqələrdən irəli atılmayacaqlar. Çünki qrup mərhələsində neçə top fərqi ilə qələbə qazanmağın əhəmiyyəti yoxdu, əsas 3 xaldı.
Sonda “Monako”nun Bakıya gətirdiyi heyəti diqqətinizə çatdırırıq:
Qapıçılar: Daniel Subaşiç, Pol Nardi, Luak Badyasil.
Müdafiəçilər: Rikardo Karvalyo, Elderson, Fabinyo, Kevin Ndoram, Andrea Raci, Almami Ture, Uollas.
Yarımmüdafiəçilər: Yohan Andzuana, İvan Kavaleyru, Bernardo Silva, Conatan Meksik, Joao Moutinyo, Mario Paşaliç, Jeremi Tulalan.
Hücumçular: Qvido Karrilyo, Stefan Əl-Şaaravi, Lasina Traore.
Müdafiəçilər: Rikardo Karvalyo, Elderson, Fabinyo, Kevin Ndoram, Andrea Raci, Almami Ture, Uollas.
Yarımmüdafiəçilər: Yohan Andzuana, İvan Kavaleyru, Bernardo Silva, Conatan Meksik, Joao Moutinyo, Mario Paşaliç, Jeremi Tulalan.
Hücumçular: Qvido Karrilyo, Stefan Əl-Şaaravi, Lasina Traore.