Topaz Premyer Liqasının oyunlarının yayım hüququna sahib olan CBC telekanalı 1-ci divizion təmsilçilərinin qarşılaşmalarını da mavi ekranlara gətirmək barədə qərar verib. Bunu necə həyata keçirəcəklər, bu hüquqa sahibdirlərmi? Futbolinfo.az saytının suallarını cavablandıran PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev yayımla bağlı incə məqamlara aydınlıq gətirdi.
– Məlum olduğu kimi, cari mövsümün əvvəlindən CBC kanalı Topaz Premyer Liqasının oyunlarının yayım hüququna malikdi. Kanal rəhbərliyi 1-ci divizionda mübarizə aparan kollektivlərin oyunundan da canlı reportajlar hazırlamaq istəyir. CBC rəsmiləri bizə bildiriblər ki, hər turun mərkəzi qarşılaşmasını tamaşaçılara təqdim etməyə çalışacaqlar. Ancaq burada qarşılaşmaların başlama saatı da böyük rol oynayır. Çünki “CBC-Sport” futboldan savayı digər idman növlərindən də yayımlar təqdim edir.
– Belə başa düşdük ki, bağlanılan müqavilədə 1-ci divizionla əlaqədar heç bir bənd yoxdu?
– Xeyr, müqavilədə yalnız Topaz Premyer Liqasının matçlarının hüququ alınıb.
– Nəzərə alsaq ki, divizionda çempionat artıq start götürüb, yayımla bağlı müqavilə imzalanacağı yəqin ki, gözlənilmir?
– Elədi. Bəlkə də, növbəti mövsümlərdə 1-ci divizionun oyunlarına dair rəsmi anlaşma oldu. Hələlik bu bazarda boşluqdu.
– Yayım xərclərini CBC öz üzərinə götürür?
– Bəli, bütün maliyyə xərcləri CBC kanalının boynuna düşür.
– “Bakı” klubu ev oyunlarının CBC tərəfindən yayımlanmayacağı təqdirdə digər televziyalara müraciət edəcəyini bildirmişdi. Bu yöndə onların qarşısını almaq olarmı?
– Xeyr, “Bakı” müstəqil şəkildə istənilən telekanalla müqavilə imzalamaq hüququna malikdi.
CEYHUN ƏLİYEV
Shares: