Bu gün Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, son Azərbaycan çempionu "Qarabağ" evdə "Minako" (Fransa) 1:1 bərabərə qalıb.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandıran Ağdam klubunun prezidenti Tahir Gözəl bu sözləri deyib: 
“Komandamız üçün möhtəşəm bir fürsət idi. Ancaq futbol da həyat kimidi, hər zaman, hər kəs layiq olduğu şeyləri qazana bilmir. "Monako" çox güclü klubdu, “Çelsi”ni, “Real”ı yenmiş komandadı. Buna baxmayaraq, biz “Qarabağ”ın ifasında əla matç izlədik. Mən klubumla, “Qarabağ”la fəxr edirəm. İstədiyimiz nəticə bu deyildi”.
 
Türkiyəli funksioner bildirib ki, pley-off şansları qrupdakı digər oyunlardan asılıdı: “Digər oyunlarda qeydə alınacaq sərfəli nəticə ilə bizim yenidən şanslarımız yarana bilər. Çox çətin qrupda yer almışdıq. Buna baxmayaraq, bu gün bir daha gördük ki, “Qarabağ” Avropa klubudu və çox çətin rəqibdi”.
 
Gözəl komandasının oyunundan razı qaldığını, lakin 2 xal itirdiklərini deyib: “Buraxdığımız qola bədbəxt hadisə kimi baxıram. Əminliklə deyə bilərəm ki, biz bu gün 2 xal itirdik. Çox inamlı oynadıq. Qurban müəllim də oyundan razı qalıb. Bu, gün bizim günümüz deyildi. Düzdü, “Monako” kimi bir klubla bərabərlik də çox yaxşı nəticədi, amma bu gün bizim olmalı idi”.
Shares: