Henrik Mxitaryanın futbolinfo.az saytına müsahibəsi:
– “Qəbələ” üzərində 4:0 hesablı qələbə qazandınız. Qarşılaşma haqda nə deyə bilərsən?
– Qola qədər bir qədər çətinlik çəkdik. Amma hesabı açdıqdan sonra daha rahat oynamağa başladıq. Ardınca ikinci qolu da vurduq. Fasilədən sonra da üstün oynadıq. Layiqli qələbə qazandığımızı düşünürəm. 
– “Qəbələ” haqda fikirlərin necədir?
– “Qəbələ” pis komanda deyil. Yaxşı mübarizə apardılar. “Qəbələ”nin baş məşqçisini də yaxşı tanıyıram. Eləcə də futbolçuları. Aleksey Qayla bir komandada oynamışam. “Qəbələ”yə qarşıdakı oyunlarda uğurlar arzulayıram.
– Bakıda keçirilən ilk oyunda iştirak etməməyin nə ilə əlaqədardı?
– Mən Bakıya gəlmək istəyirdim. Amma təhlükəsizliklə bağlı suallar var idi. Buan görə də yekun qərar oldu ki, Bakıya getməyim. 
– Sənə qədər bir çox erməni idmançı Bakıya gəlsə də, heç bir problemlə üzləşməyiblər…
– Amma digərləri futbolla bağlı gəlməyiblər. Güləş və şahmat futboldan fərqlidi. 
– Bakıda nəsə olacağından ehtiyatlanırdın?
– Bu, insanların məni necə qəbul etməsindən asılıdır. Ona görə də dəqiq heç nə deyə bilmərəm.  
– Bu gün tribunada Ermənistan bayraqları da var idi. Bu, rəqibin Azərbaycan klubu olmasından irəli gəlirdi?
– Yox, bu hal Bundesliqada da olur. Ermənilər həmişə “Borussiya”nın oyununa gəlirlər. Lakin xüsusi olaraq bugünki oyun üçün də gələnlər var idi. 
– Azərbaycan klubuna qol vurmaq Henrik Mxitaryan üçün vacib idi?
– Oyundan əvvəl də demişdim ki, bu, mənim üçün xüsusi oyun deyildi. “Qəbələ”yə qol vurmaq mənim üçün xüsusi əhəmiyyət kəsb etmirdi. Təbii ki, qol vurmaq hər zaman xoşdur.
 
ELMAR ABDULLA-ZADƏ
Shares: