“Qrupdakı rəqiblər məlum olanda, hamı 1-2 xaldan danışırdı”. Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Fransa “Monako”su ilə 1:1 hesabı ilə başa çatan qarşılaşmadan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçsonrası mətbuat konfransında dolayısı ilə hazırki 4 xalı real qiymətləndirməyə çağırdı.
Haqlı idimi? Gəlin bu suala elə “Knyazlıq klubu” ilə qarşılaşma prizmasından yanaşaq. Oyunun ilk dəqiqələri bərabər səviyyədə keçsə də, “Qarabağ” tədricən təşəbbüsə yiyələnməyi bacardı. Burda yarımmüdafiəçilərimizin rolunun həlledici olduğu danılmazdı. Əl Hərbinin tədricən komanda yoldaşları ilə “eyni dildə danışması”, Kintananın işgüzarlığı, Əfranın nüdafiəçilərin arxasına sürətli çıxışları, Almeydanın meydanı görmək qabiliyyəti – bütün bunlar “atlılar”ın ərazi üstünlüyünü şərtləndirən faktorlar idi. Özü də “Böyük Beşlik” ölkəsi təmsilçisi ilə qarşılaşmada.
Hücum xəttində Reynaldonun yoxluğu hiss olunmaya bilməzdi. Müstəqillik dönəmində ölkəmizdə çıxış etmiş ən güclü futbolçunun meydanda olmamasını nə cür sığortalamaq olar axı?! Ancaq digər məqama da toxunmaya bilmərik. Komandanın yeganə forvardı Armenteros “Qarabağ” formasında ən yaxşı oyununu keçirdi.
İlk yarıda çempionumuzun ən uğursuz futbolçusu qismində isə Əfran İsmayılov çıxış etdi. Cinah yarımmüdafiəçisi 2 dəfə qapıçı meydançasından topu çərçivəyə göndərə bilməməklə, tribunalardakı 20 min azarkeşi validol axtarışına sövq etdi.
Amma ilk yarıda qol gəldi. Səhnəyə komandamızın kapitanı Rəşad Sadıqov çıxdı. Gözlənilmədən hücuma qoşulan təcrübəli müdafiəçi əsl pleymekerlik etdi: bir neçə rəqibini aldadan Sadıqov Armenterosu Daniel Subaşiçlə təkbətək çıxardı və yorulmaq bilnəyən forvard effektli aşırma zərbəsiylə “Monako”nun qapısının torunu silkələdi.
Fasiləyə yüksək əhval-ruhiyyədə yollanan Azərbaycan çempionu, 2-ci hissəyə də yaxşı başladı. Amma dəqiqələr ötdükcə fransızların təzyiqi artmağa başlayırdı. Bunu hiss edən Qurban Qurbanov yeni nəfəsə ehtiyac duydu: döyüşə Puponla Çumbinyo atıldı. Ancaq müvafiq olaraq, Əfran və Kintananı əvəzləyən futbolçular Jardimin komandası üçün başağrısı ola bilmədilər. Təzyiqi artıran qonaqlar istəklərinə kuryoz qolla çatdılar. Bəli, İbrahim Şehiç 3 mümkün variantdan ən pisini seçdi. O, topa əlləriylə getsəydi, “mərmi”ni tutacaqdı, ayağı ilə zərbə endirmək variantında isə, topu auta vurmaq lazım idi, mərkəzə istiqamətləndirmək yox. Ancaq necə deyərlər “100 dəfə İmama ağlayanda, bir dəfə də Yezidə ağla”. Şehiç dəflərlə “Qarabağ”ın qapısı qarşısındakı təhlükəli anlarda əla oyun nümayiş etdirdi. Üstəlik, qolun yaranmasında müdafiədəki səhvləri də unutmaq olmaz. Əgər komanda qol buraxıbsa, bunu bir nəfərin ayağına yazmaq da düzgün deyil.
Bir neçə kəlmə də Qurbanovun əvəzləmələri barədə. Mətbuat konfransına gedərkən, baş məşqçidən əvəzetmələrinin effektsiz alınmasına dair soruşmağı planlaşdırmışdım. İsti, əsəbi başla bu sual təbii səslənərdi. Ancaq bir anlıq düşündükdə, aydın olur ki, Qurbanovun seçimi yox idi. Bunun üçün ehtiyat oyunçular skamyasında əyləşən oyunçuların adlarına baxmaq kifayət edirdi. Elə Əfranın start heyətində çıxmasının səbəbləri də Pupon meydanda peyda olduqdan sonra aydın oldu. Başqa sözlə, Qurban bəy əlində olan materialın ən yaxşısını ortaya çıxarmışdı. Əlbəttə, o da başa düşür ki, Əfran əvvəlki Əfran deyil, Şehiç ideal formada deyil. Ancaq nə edə bilər?
Sonda yazının əvvəlindəki suala qayıtmaq istəyirəm. Oyunun 20 dəqiqəsi bərabər, 15 dəqiqəsi qonaqların ərazi üstünlüyü şəraitində keçdi. Bir saata yaxın zaman kəsiyində isə oyunu diqtə edən tərəf “Qarabağ” oldu. Və bir daha təkrar edirəm, rəqib “Böyük Beşlik” ölkəsi təmsilçisidi. Əlbəttə, qalib gəlməyə çalışmaq lazımdı. Amma unutmayaq ki, bizim futbol Avropada ən yaxşı halda “2-ci sort” statusunu daşıyır. Deməli, ikisi “Böyük beşlik” ölkəsi təmsilçisi olan bir qrupda 4 xala sahib olmaq kifayət qədər uğurlu nəticədi.
CEYHUN ƏLİYEV