“Neftçi”nin icraçı direktoru Elnur Məmmədov Asiya Futbol Konfederasiyasının (AFK) dəvəti ilə Tacikistana işgüzar səfərə yollanacaq. Futbolinfo.az xəbər verir ki, konfederasiyanın baş katibinin vəzifələrini icra edən Dato Vindzor Conun imzası ilə kluba daxil olan məktubda AFK-nın “Kick off” proqramının fəaliyyəti barəsində rəsmi məlumat öz əksini tapıb.
Məktubda bu sahədə zəngin təcrübəyə malik olan mütəxəssislərin “Kick off” proqramına məsləhətçi qismində cəlb olunmasının vacibliyi xüsusi vurğulanır.
“Kick off” proqramı çərçivəsində təşkil olunacaq seminarda Elnur Məmmədov futbol infrastrukturunun və klubların idarə olunması mövzularında mühazirələr aparacaq. Seminara Tacikistan Futbol Federasiyası və yerli dövlət qurumlarının nümayəndələri, klub rəsmiləri qatılacaqlar. AFK tərəfindən təşkil olunacaq “Kick off” proqramı üzrə seminarda mühazirələr 9 noyabr tarixində başlanacaq və 4 gün davam edəcək.
Qeyd edək ki, AFK 1954-cü ildə təsis edilib. Qitə miqyaslı qurum hazırda 47 federasiyanı özündə cəmləşdirir. Asiya Futbol Konfederasiyası Asiya Kuboku və Asiya Çempionlar Liqası kimi iri miqyaslı yarışların təşkilatçısıdır.