Ötən gün Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz "Qəbələ" səfərdə "Borussiya"ya (Dortmund, Almaniya) 0:4 hesabı ilə uduzub. 
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov bu oyunla bağlı jurnalistlərin suallarını cavablındırıb:
– Oyun haqqında fikirlərinizi bildirərdiz zəhmət olmasa…
– Gözlənilən idi, bilirdik ki, ağır oyun olacaq. Buna baxmayaraq, komandamızdan yaxşı, layiqli çıxış gözləyirdik. Bir tərəfdən də başa düşürük ki, rəqib çox güclü idi, səfərdə oynayırdıq. Mənə elə gəlir ki, artıq qabaqdakı oyunlara baxmalıyıq.
– Ümumiyyətlə, komanda son vaxtlar uğursuz çıxış edir. Bununla əlaqədar klubdaxili bir toplantı və ya baş məşqçi ilə bir söhbətiniz olubmu?
– Məşqçi ilə söhbətimiz olub. Ona niyə belə uğursuz çıxış edirsiniz deməmişəm, ancaq oyunsonrası təhlillərdə şəxsən iştirak edirəm. Konkret kimsə ittiham olunmayıb, ancaq ümumi müzakirə, söhbət olub. Mənə elə gəlir qarşıdakı oyunlarda hər şey qaydasına düşəcək.
– Baş məşqçiniz Roman Qriqorçukun adı Ukrayna millisi ilə hallandıqdan sonra komandada bir düşüş müşahidə olunur. Sizcə, bu iki məsələ nə dərəcədə əlaqəlidi bir-biri ilə?
– Ola bilsin ki, bizim xallar itirməyimizlə bu söhbətlərin yayılması təsadüfən üst-üstə düşsün. Çünki başqa cür mümkün deyil axı. Hətta müzakirə mövzusu da olmayıb. Bir şey qeyd edim, heç bu məsələ çıxmamışdı, bir dəfə biz Qriqorçukla söhbət edəndə sözarası demişdi ki, başa düşə bilmirəm məşqçilər millidə çalışmağa niyə bu qədər can atırlar? Cavan, kifayət qədər potensialı olan adam millidə işləməyə cəhd göstərməz. Çünki yığma komandada bilirsiniz ki, ən yaxşı halda 2-3 aydan bir toplanış olur. Baş məşqçimiz də işləməyi sevən bir adam olduğu üçün millionun üçün darıxdırıcıdı. Yəni bu daha əvvəl aramızda olan söhbətdi. Ümumiyyətlə, heç təklif də gəlməyib. Ukrayna mətbuatı yazıb, çünki buarda uğurlu nəticəsi var.
– Bu söz-söhbətlər futbolçuların motivasiyasına təsir edə bilərmi?
– Birmənalı şəkildə mümkün deyil. Oyunlara  baxırsınız da. Təkcə AZAL-la oyunda 60 dəfə biz hücum etmişik, 3 dəfə isə rəqib. İki dənə 100%-lik qolumuz sayılmayıb. Bəlkə də, hava dumanlı olduğu üçün sizin diqqətinizi çəkməyib, ancaq biz oturub, birbəbir PFL-in kameraları ilə baxmışıq. Bir epizodda top qapının içindən çıxardılır, digər epizodda isə ofsayt ümumiyyətlə yoxdu. İki qol belə sayılmır, Rəşad bir metrədə topu qapıya sala bilmir, məsələn, 3 dənə başqa qol epizodumuz olub və s. Desək ki, komanda oynamır, hardasa səhvlər olur, yoxdu axı.
– Yayılmış söhbətlərə son qoymaq üçün bəlkə Roman Qriqorçukla uzunmüddətli müqavilə bağlayasınız? Bu barədə düşünməmisiniz?
– Müqaviləni uzatmaq fikrimizdə var. Ancaq bu barədə hələ ki, danışığımız olmayıb. 
– Bir də Avroliqa oyunlarında yerli futbolçuların start heyətində az yer alması çox müzakirə olunur…
– Bizə də xoş olar ki, komandada yerli futbolçular çox olsun. Ancaq heyəti müəyyənləşdirən baş məşqçidi və biz onun qərarlarına hörmət etməliyik. Mən Qriqorçuka birmənalı şəkildə inanıram ki, o oyunda meydanda olan bütün futbolçular oynamağa tam layiqli oyunçulardı. Yəni kim güclüdüsə, o oynayır, istər azərbaycanlı olsun, istərsə də, xarici, fərq etmir. Əlbəttə, bizə çox xoş olar ki, yerli futbolçular, akademiyamızın yetirmələri çoxluq təşkil eləsin. Elvin Camalov Dortmundda meydana çıxanda qürur hissi keçirdim. Öz yetirməmizlə fəxr etdim. Qriqorçukun ədalətli olmasına inanıram. Başqa cür də ola bilməz.
– Vüqar Nadirovun yanvarda komandadan göndərilməsini gözləmək olarmı?
– Göndərilmək barəsində heç nə deyə bilmərəm, çünki o qərarı məşqçi verir. Məşqçi ilə isə bu barədə söhbətimiz olmayıb. Qış "transfer pəncərəsi"nin açılmasına az qalmış danışarıq, bir açıqlama verərik.
– Vaqif Cavadov bəs?
– Eyni vəziyyətdi. Hər hansı bir futbolçu haqqında son sözü rəhbərlik desə də, təbii ki, baş məşqçinin dediklərinə qulaq asırıq və ona görə yükun fikirə gəlirik.
– Dörd il bundan əvvəl “Qarabağ”ın oyununda qondarma bir bayraq olmuşdu Dortmundda. Oyundan qabaq belə halların yaşanmaması üçün “Borussiya” rəhbərliyi ilə danışmamışdınız ki?
– “Borussiya” rəhbərliyi ilə onlar Bakıya gəlməmişdən qabaq Mxitaryan məsələsində də söhbətimiz olub. Ancaq məncə, hansısa futbolçunun erməni olmasını qabartmaq, onun qol vurmasını xüsusi qeyd etmək cılız söhbətdi. Bizim ermənilərlə ən böyük cihadımız Qarabağdadı. Hansı futbolçu hardasa nə edir, neyləyir, mənə elə gəlir bu barədə danışmaq artıq işdi. Onlarla da söhbətimiz olmuşdu, eyni münasibəti görmüşdük. Futbolçunun fikri meydanda, oyunda olmalıdı. Azarkeş baxır, izləyir. Hansısa hərəkəti siyasiləşdirmək artıq təxribatçı qrupların işidi. Bayrağın qalxmağı da həmçinin. Bütün stadion erməni bayrağı ilə örtülsəydi belə, bizim fikrimiz ancaq oyunda olacaqdı.
ELMAR ABDULLA-ZADƏ
Shares: