Dortmundda qeydə alınan nəticə bəlkə də bir çoxları üçün surpriz olmadı. Nə də olmasa, səviyyə fərqi aşkar görünürdü. Almaniyaya ezam olunmuş jurnalistlərdən tutmuş futbolçulara kimi heç kim uğurlu nəticəyə inanmırdı.
Oyundan öncə mətbuat konfransında da “qırmızı-qaralar”ın yarımmüdafiəçisi Rəşad Sadiqovun şablon şəkildə “əlimizdən gələni etməyə çalışacağıq” deməsi buna nümunə idi. Cari mövsümdə “Qəbələ” ilə gözləniləndən də artıq nəticə vermiş baş məşqçi Roman Qriqroçuk isə bu oyunun onlar üçün bayram olacağını deyirdi. Ukraynalı mütəxəssis bayram olacağı ilə bağlı fikrində yanılmamışdı. Bəli, bayram oldu. Amma bu bayramın bizə heç bir aidiyyatı yox idi…
Oyunöncəsi mətbuat konfransı başa çatdıqdan sonra təmsilçimizin ilk 15 dəqiqəsi media üçün açıq məşqi baş tutdu. Məşqi izləyəndə belə “Siqnal İduna Park”ın boş tribunaları insanı az qala vahiməyə salırdı. Arena bəlkə də indiyədək gördüyüm ən möhtəşəm stadion idi. Düşünəndə ki, sabah minumum 50 min azarkeş burada sevimli komandasına dəstək verəcək adamı vahimə bürüyürdü.
Matçdan bir gün öncə “Qəbələ”nin mətbuat katibi Anar Hacıyev saat 17:00-da Hagen şəhərində qaldığımız otelin qarşısından avtobusun bizi Dortmunda avtobusun aparacağınısöylədi. Əgər bu avtobusu gözləsəydik, onda Dortmundu gəzmək imkanını əldən verəcəkdik. Ona görə də qarşılaşmanın başlamasına təxminən 6 saat qalmış 3 həmrakımla birlikdə matçın keçirləcəyi şəhərə yollandıq. Bizə yolboyu bir türk bələdçilik edirdi. Maraqlıdı ki, Almaniyada doğulan 30 yaşlı bu türk qardaşımız ana dilində tərtəmiz danışırdı. Ümumiyyətlə, orada olduğumuz müddətdə Hagen, Köln və Dortmundda qarşımıza çıxan türklərin demək olar ki, böyük əksəriyyəti öz dillərində təmiz danışırdılar. Bəzi həmyerlilərimizdən fərqli olaraq, dillərini unutmadıqları hiss olunurdu.
Dortmunnda qatardan düşdükdən sonra həmkarlarım şəhərdə gəzib, matçın başlamasına 2 saat qalmış stadiona qatarla getməyə üstünlük verdi. Onlardan ayrılıb təkbaşına “Siqnal İduna Park”ın yolunu tutdum. Şəhərdə futbol ab-havası sürürdü. Hər tərəf sarı-qara formalı insanlarla dolu idi. Şəhərin ən böyük komandası olan “Borussiya”ya sevgi hər tərəfdə öz əksini tapmışdı. Bir çox kafe, restoranların qarşısında klubun atributlarına rast gəlmək mümkün idi. Hətta yolboyu adama elə gəlirdi ki, şəhərin havası da sankı kluba sevgisini büruzə verir. Dortmundun küçələri klubun formasının rəngi olan saralmış yarpaqlarla dolu idi. Bundan öncə “Qarabağ”ın “Tottenhem”lə qarşılaşması üçün Lononda olsam da, orada həmin qarşılaşmaya aid heç bir nüansa rast gəlməmişdim. Çünki “spurlar” Londonun heç də ən güclüsü deyildi. Şəhərin “Çelsi” və “Arsenal” kimi nəhəngləri var. Amma Dortmunda “Borussiya” alternativsiz olduğundan bu komanda sanki bütün şəhərin həyat mənbəyidi.
Dortmunnda ilk dəfə olduğumdan stadionun yolunu bilməməyim normal idi. Ona görə də klubun formasını geyinmiş 2 nəfər almana yaxınlaşıb kömək istədim. Alayrımçıq ingliscəmlə bu azarkeşlərdən stadionun yerini soruşmaq istəsəm də, onlar yalnız almanca bildiklərini dedilər. Məcbur olub him-cimlə danışdıq və məlum oldu ki, bu azarkeşlər də elə stadiona gedir. Onlara qoşulub Dortmund küçələri ilə 4-5 km piyada getdikdən sonra nəhəng arenaya çatdım. Stadionun qarşısındakı ab-havanı görməyə dəyərdi…
Alman azarkeşlər əllərində pivə öz dillərində mahnılar oxuyur, əylənirdi. Heç kimlə işi olmayan, yalnız sevimlilərinin uğuruna köklənən bu fanatlar üçün sanki həyatın mənası “Borussiya” idi. Təbii ki, bu qədər azarkeşin içərisində ilk diqqətimizi çəkən Azərbaycan və Türkiyə bayraqlarına bürünmüş şəxslər oldu. Onlarla söhbətdən aydın oldu ki, qarşılaşmada təxminən 100-120 nəfərlə təmsil olunacaqlar. Təmsilçimizi dəstəkləyən türklərdən biri isə əsl Azərbaycan aşiqi çıxdı. Əslən Türkiyənin Hatay bölgəsindən olan Ahmet adlı bu gənc heç vaxt ölkəmizdə olmasa da, Azərbaycana sevgisini şerlə ifadə etdi:
Azerbaycan benim elim,
KKTC benim dilim
Doğu Türküstan, Türkmenistan benim bedenim.
Doğransa da Karabağ, Kerkük dilim-dilim,
Tebrizdeki Bozkurtlar benim cigerim…
Türk qardaşla xeyli söhbətdən sonra “Borussiya”nın fan-şopuna da baş çəkməyi özümə borc bildim. Klub atributları ilə dolu olan fan-şopda çox böyük izdiham var idi. Mağazada kluba aid hər şey tapmaq mümkün idi. Klubun formasını əldə etmək istəyənlər 80-100 avrosundan keçməli idilər.
Matçın başlamasına 20-25 dəqiqə qalmış nəhayət ki, azarkeşlərlə dolu möhtəşəm arenaya qədəm qoyduq. Stadiondakı atmosferi sözlə ifadə etmək qeyri-mümkündü. Tribunalarda, əsasən də alman azarkeşlərin yer aldığı qapı arxasında fantastik ab-hava var idi. Bu sektor “sarı divar” adlanır. Əks qapının arxasında yer almış azərbaycanlı və türkiyəli azarkeşlər də əlindən gəldiyi qədər komandamıza dəstək olmağa çalışırdı.
Oyun haqda isə məncə, çox da danışmağa ehtiyac yoxdu. Səviyyə fərqi açıq-aşkar özünü göstərdi. 1 gün öncə qarşılaşmanı bayram adlandıran Qriqorçuk və komandasının bayramı qara gəldi. 90 dəqiqənin tamamında “Qəbələ”nin buraxdığı qolların sayı 2012-ci ildə ÇL-in yarımfinalında Madrid “Real”ının bu arenada buraxdığı qolların sayına bərabər oldu – 4.
Final fitindən sonra dortmundlu futbolçular qeyd etdiyim “sarı divar”a yaxınlaşıb onlara təşəkkür etdi. Bu zaman mətbuat zalına tələsən həmkralarım bir anlıq ayaq saxlayıb azarkeşlərin yaratdığı möhtəşəm ab-havanı seyr edirdi…
ELMAR ABDULLA-ZADƏ, Bakı – Qəbələ – Dortmund – Qəbələ – Bakı
Shares: