Bu gün Topaz Premyer Liqasında 12-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, AZAL doğma meydanda " Kəpəz"lə 1:1 bərabərə qalıb.
"AZAL Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Tərlan Əhmədov heç-heçəni belə şərh edib:
– Komandamın oyunundan narazı qaldım. Xüsusilə, fasilədən sonra qarşılaşma "Kəpəz"in böyük üstünlüyü ilə keçdi və bunun qarşısını ala bilmirdik. Ancaq son dəqiqələrədək mübarizə apardılar və bərabərliyə nail olduqları üçün onlara minnətdarlığımı bildirirəm. Bütün hallarda qeyd edim ki, bu gün cari çempionatda ən pis oyunumuzu keçirdik.
– Komandanızın fasilədən sonra kobud oynaması sizin tapşırığınız idi.
– Heç bir baş məşqçi yetirmələrinə deməz ki, kobud oyna. Futbolçu olduğum zamanlarda da kobud müdafiəçi olmamışam. Bəli, "Rəvan"a qarşı oyunda yetirmələrimə "baxımlı futbol istəmirəm, əsas 3 xalı qazanın" demişdim. Amma bu qarşılaşmaya belə bir təlimat verilməmişdi.
– Oyundan sonra futbolçularınız arasında mübahisə oldu…
– Bu, kişi kollektividi, qadınlar oynamır ki! Futbolçular arasında söz-söhbət də olar, bir-birlərini vurarlar da. Paltardəyişmə otağına daxil olduqdan sonra bir-birlərindən üz istədilər, qucaqlaşdılar və bütün küskünlüklər meydanda qaldı.
– Yığmanın oyunu ilə əlaqədar yaranan fasilədə nəyi dəyişəcəksiniz?
– İlk növbədə ilk 8 turda oynadığımız futbolu qaytarmağa çalışacağıq.
Shares: