Dünən idman mediasının gündəmini zəbt edən əsas mövzulardan biri, bəlkə də birincisi Kiyev “Dinamo”sunun sabiq futbolçusu Viktor Serebryanikovun “Neftçi”nin 1966-cı ildə qazandığı bürüncü şübhə altına alan açıqlaması oldu. Qısaca olaraq xatırladım ki, veteran müdafiəçi 1966-cı ildə SSRİ çempionatı çərçivəsində “Neftçi” ilə keçirilən matçı 80 min rubl qarşılığında bakılılara satdıqlarını iddia etmişdi.
Düz 1 il bundan öncə vəfat etmiş ukraynalının bu məsələdə nə dərəcədə haqlı və ya haqsız olduğunu deyə bilmərik. Çünki Serebryanikov ötən ilin bu günü vəfat edib. Elə onunla sövdələşməyə girdiyini iddia etdiyi 2 şəxsdən biri – Anatoli Banişevski də artıq 18 ildi ki, aramızda yoxdu. Hadisənin digər iştirakçısı və hazırda Yerevanda yaşayan Edurad Markarovla isə məlum səbəblərə görə əlaqə yaratmaq demək olar ki, mümkünsüzdü
Amma buna oxşar bəzi olaylar var ki, artıq vaxtında sübuta yetirilib və səbəbkarlar layiqli cəzalarını vaxtında ala biliblər. Məsələn, Serebryanikovun şərəfini qoruduğu “Dinamo” kimi. Belə ki, 1995-ci ildə Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində kiyevlilər Yunanıstan “Panatinaikos”u ilə görüşdən öncə matçın baş hakimi Antonyo Lopez Nyetoya rüşvət təklif etsə də, bu cəhdlərində uğursuz olmuşdular. Belə ki, portuqaliyalı referi olanları UEFA-ya çatdırdqan sonra Ukrayna təmsilçisi yarışlardan kənarlaşdırmışdı.
Ümumiyyətlə, buna oxşar hallar çoxdu. Məsələn ilk Çempionlar Liqasının qalibi olan Fransa “Marsel”inin titulunun əlindən alınması, “Yuventus”un 2 dəfə A Seriyasında qazandığı çempionluqdan məhrum edilməsi və s. buna misal çəkmək olar. Düzdü, oyun alqı-satqısı dünyanın hər yerində var. Əldə tutarlı faktlar olmasa da, zaman-zaman meydandakı oyundan, turda qeydə alınan nəticələrdən bunu hiss etmək olur. Bəlkə də dərindən araşdırılsa, böyüklü-kiçikli əksər klubların bu cür çirkin işdə barmağı var. Elə Azərbaycanda da müstəqillik dönəminə də nəzər salsaq, əksər klublarımızın danışılmış oyunlarda barmağının olduğunu iddia etmək mümkündü. Çox təəssüf ki, bu cür məsələlərin qarşısını almaqda federasiyalar hələ də gücsüzdü.
Serebryanikovun açıqlamasına gəlincə, bu, heç nəyi dəyişmir. SSRİ çempionatlarınd onsuz da mükafatçılar daim hansısa yolla müəyyənləşirdi. Burada Moskva komandaları və dostları ilə yanaşı, ukraynalıların, “Neftçi”nin, “Jalgiris”in, gürcülərin birləşdiyi qrup var idi. Onlar bir-birinə kömək etmələri, rəqibləri büdrətmələri ilə seçilirdi. “Neftçi”nin də belə dəstəkdən bəhrələnməsi mümkündü. Amma ermənilərin moskvalılara etdiyi yardımların və əks halların deyil, məhz bakılıların yeganə uğurunun zaman-zaman gündəmə gətirilməsində yəqin ki, nəsə səbəb var.
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp