Azərbaycan milli komandası yoldaşlıq oyunu çərçivəsində Moldova ilə qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, bu oyunla əlaqədar bu gün yığmamızın açıq məşqi və brifinqi olub.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutan brifinqdə yığmamızın baş məşqçisi Robert Prosineçki və bəzi futbolçular jurnalistlərin suallarını cavablandırıb:
Robert Prosineçki: “Bir neçə zədəli oyunçumuz var. Amma mənim planımda yeni futbolçulara şans vermək var idi. Moldova yığması ilə oyunda bir neçə futbolçu sınaqdan keçiriləcək. Bəzi aparıcı futbolçularımız zədə səbəbindən təlim-məşq toplanışında iştirak edə bilmir. Bəziləri isə ümumiyyətlə çağırılmayıb. Amma onların yoxluğu bizim üçün problem yaratmayacaq. Yoxlama oyunu olsa da, bizim üçün vacibdir. Məqsəd yaxşı oyun göstərmək, qələbə qazanmaqdır. Bu oyunda da məhz qələbə üçün oynayacağıq”.
Kamran Ağayev: “Yoldaşlıq oyunu olsa da, Moldova ilə matça adi gözlə baxmırıq. Bizim üçün önəmli görüşdür. 2-3 gündür millinin toplanışındayıq. Heyətdə kimlərin olmasının fərqi yoxdur. Yenə həmin əhval-ruhiyyədəyik. Motivasiyamız aşağı deyil. Qarşıdakı oyunda da əlimizdən gələni edəcəyik. Hansı vəziyyətdə olduğumuz bu qarşılaşmada bəlli olacaq. Bütün uşaqlar əllərindən gələni etməlidirlər. Ümumiyyətlə, millinin hər bir oyununda öz gücünü ortaya qoymalısan. Çünki hər bir oyun reytinqə təsir edir”.
 
Bədavi Hüseynov: “Son iki uğursuz oyundan sonra mövsümü major notda bitirmək istəyirik. Buna görə də Moldova yığması üzərində qələbə bizim üçün vacibdir. Hamı məşqlərdə əlindən gələni edir. Bütün futbolçular istəyir ki, ona şans verilsin, özünü yaxşı tərəfdən göstərsin. Paralel olaraq Avropa Liqasının qrup mərhələsində çıxış etməyimiz də bizə böyük təcrübə qazandırır. “Monako”, “Tottenhem” kimi komandalarla qarşılaşmaq bizim yalnız xeyrimizədir. Belə komandalarla üz-üzə gələndən sonra beynəlxalq oyunlara daha rahat çıxırıq”.
 
Pavel Paşayev: “Yoldaşlıq görüşü olmasına baxmayaraq, qələbə qazanmağa çalışacağıq. Yaxşı oyuna ümid edirəm. Bu vaxta qədər millinin heyətində debüt etməmişəm. Bu üzdən də debütümü səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, baş məşqçi Moldova yığması ilə görüşdə mənə şans verəcək. Əgər bu baş versə, özümü yaxşı tərəfdən göstərməyə çalışacam. “Metallurq”da oynamasam da, oradakı aqibətimin yaxşı olacağını düşünürəm. Mənə elə gəlir ki, klubumda çıxış etməməyim millidəki debüt oyunuma pis təsir etməyəcək”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp