Dünən yayılan görüntülər hazırda mətbuatın gündəm mövzusudu. 2001-ci il iyulun 28-də UEFA kubokunda “Osiek” (Xorvatiya) və “Dinaburq” (Latviya) arasındakı oyunda başverənlər hamının müzakirə etdiyi olaydı.
 
İş ondadı ki, məlum videoda matçı idarə edən Asim Xudiyev, Rufulla Kərimov, Ramiz Əsədov və Xaqani Məmmədov arasında ilginc dialoq olub. Yayılan videoda eşidilir ki, təmsilçilərimiz latviyalılar tərəfindən edilən təklifi müzakirə edir.
 
3:40  Ramiz Əsədov: “niçya”ya 15 verirlər qonaqlar.
Asim Xudiyev eşitmir.
3:45 Xaqani Məmmədov: heç-heçəyə 15 dənə verirlər qonaqlar
3:47 Asim Xudiyev: Nə?
3:48 Xaqani Məmmədov təkrar edir: heç-heçəyə 15 dənə verirlər qonaqlar
3:50 Asim Xudiyev: Kimlər?
3:51 Hər ikisi bir yerdə (Xaqani və Ramiz): Qonaqlar, qonaqlar
 
Bəri başdan qeyd edim ki, bu videonu yayan həmkarlarımızın mövqeyinə hörmət göstərir, dəstəkləyirik. Onlar əllərinə düşən bu materialı yaymaqla çox düzgün iş görüblər, istəyirlər ki, futbol təsərrüfatımıza kimlərin başçılıq etdiyini ifşa etsinlər. İndi olanlara qiymət vermək, nəticə çıxarmaq, ölçü götürmək cavabdehlərin işidi. Sportinfo.az-dan olan həmkarlarımız, sadəcə, videofaktla ipucu verib.
 
Mənim üçün maraqlı olan başqa məqamlardı. Ən pisi odur ki, bu görüntülərdən öz məqsədi üçün yararlanmaq istəyənlər var.
 
Əvvəla, söhbətin baş tutduğu dəqiqələrin stenoqramına baxın. Bunu oyunu başlamadan da etmək olardı, ikinci hissə start götürəndən sonra yox. İrəli gedib Xaqani Məmmədov kimi “montaj bəhanəsi”ni ortaya atmaq istəmirəm. Amma nə isə müəmmalı söhbətdi. Bunu bu şəkildə aydın eşidiləcək tərzdə dilə gətirmək inandırıcı deyil. Ola bilsin, bizimkilər o qədər bədbəxt olub ki, belə səhlənkarlığa yol veriblər. Amma yekun nəticə bu söhbətlə üst-üstə düşmədiyindən hətta adını “zarafat” da qoymaq olar. Çünki dialoqla yekun nəticə və matç ərzində baş verənlər bir-birini tamamlamır.
 
Hadisədən öz məqsədi üçün istifadə edənlərə gəlincə, bu videonun mövcudluğu haqda söz-söhbətlər yarım ildi gəzir. Sabiq referi Anar Salmanov hətta əlində belə bir material olduğunu deyərək AFFA Hakimlər Komitəsinin sədrini mətbuatda şantaj da etmişdi. Görüntülərin FİFA referisi Əliyar Ağayevin avrokubokların qrup mərhələsi matçına təyinat almasından sonra yayımlanması beynimizdə sual doğurur. Niyə indi? Yoxsa Azərbaycan adına tarixi hadisənin reallaşması kimlərisə narahat edir? Bu qısqanclıq deyilmi?
 
Digər önəmli məqam hədəf kimi Xaqani Məmmədovun göstərilməsidi. Təklifi ilk alan köməkçi Ramiz Əsədov, belə təklifin olduğunu oyunun protokoluna yazmayan baş hakim Asim Xudiyev yox, məhz 4-cü hakim kimi təklifi alanla nəticəni təmin etməli adam arasında səsli rabitə yaradan Məmmədov? Günah varsa, o hamınındı. Ona görə də günah sübuta yetiriləcəyi halda bütün briqada Azərbaycan futbolundan qovulmalıdı – beynəlxalq oyunlara hakm-inspektor kimi təyinat alan Xudiyev də, Hakimlər Komitəsinin indiki sədri Məmmdəov da, hələ də AFFA-da çalışan Əsədov da, hətta digər köməkçi Rufulla Kərimov da. Lazım gəlsə, həmin qonaqların baş məşqçisi olan Roman Qriqorçuk da Azərbaycanı tərk etməlidi.
 
Bu yazıda Xaqani Məmmədovu müdafiə etmək niyyətm yoxdu. Rüşvət alması haqda dəfələrlə siqnallar aldığımız, dəfələrlə döyüldüyünü gördüyümüz, fitini də Ağstafa – Bakı qatarındakı yemək-işmək məclisində ləkələyən bu adamın “təmiz” olduğunu kimsə iddia edə bilməz. Ancaq o da digər natəmizlərdən biridi. 60 min dollarlıq rüşvət söhbətinin videoyazısı olan İmanxan Sultanidən, cərimə meydançasının çölündəki qayda pozuntusunu “nəyəsə görə” penalti kimi dəyərləndirən Anar Salmanovdan, qapı xəttini keçməyən topu “qola çevirən” Nemət Mahmudovdan, min hoqqalardan çıxan, hər cür sövdələşməyə gedən Elçin Məmmədovdan, Babək Quliyevdən, Azad Mütəllimovdan, Rövşən Əhmədovdan, Əfqan Həmzəyevdən, bu kimi səbəblərdən hakimlikdən qovulan onlarla qarapaltarlıdan biridi.
 
Elə bu videodan yararlanıb Hakimlər Komitəsinə sədr olmaq, Məmmədovu vurmaq istəyənlər də onun özündən təmiz deyil. Bəli, Xaqani bəy də, onunla yanaşı adı çəkilənlər də cəhənnəm olub getməlidilər. Ancaq onları haqqında bəhs etdiyimiz natəmizlər əvəz etməməlidi. Rusiya, Ukrayna təcrübəsində də rast gəldiyimiz kimi, qoy, yeni sədr əcnəbi, başqa sənətin sahibi olsun, amma bu rüşvətxorların hansısa birisi olmasın.
 
Heç kim özünü mələk kimi göstərməyə çalışmasın, ilk milli çempionatdan bu yana bütün oyunlar, bütün hakimlər gözümün qabağından gəlib keçib. Sizin kim olduğunuzu hamınızdan yaxşı bilirəm. 2, uzağı 3 nəfər sabiq hakim adı çəkə bilərəm ki, rüşvətxor olmayıb. Hamısı alıb ha, sadəcə, bu işin xəstəsi olmayıblar. Ona görə də kimsə mənə təmizlikdən danışmasın. Vaxtilə “işlədikləri” klublara sonradan vəzifəyə gedənlər də olub, hələ də hakim-inspektor kimi gözükölgəli olanlar da, çox böyük zibillərinə görə AFFA həndəvərinə yaxın buraxılmayanlar da.
 
Bu insanlar o qədər çirklidi ki, dünən etdiklərini bu gün başqasında görəndə özlərini aydan arı, sudan duru təsəvvür edirlər. Ay bala, gedin başqa yerdə oynayın, nisbətən təmiz olan indiki gənclərə pis nümunə olmayın, hamınızın fəxr etməli olduğunuz Əliyar Ağayevi mənfur planlarınıza qurban verməyin. Götürün Asimi də, Xaqanini də gedin, geriyə boylanmamaq şərti ilə. O dosye, o biabırçı karyera ilə sizdən “Yeni həyat”a sədr olmaz.
 
FƏRİD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp