Dünən Parisdə keçirilən Fransa – Almaniya matçı zamanı faciə yaşanıb. “Stad de Frans”ın ətrafında 3 partlayış baş verib. Görüşü izləyən Fransa prezidenti Fransua Olland dərhal stadiondan evakuasiya edilib. Lakin matç yarımçıq dayandırılmayıb. Bu addım insanların vahiməyə düşməməsi üçün atılıb. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə tamamlanıb.

 
Almaniya millisinin üzvləri oyun başa çatdıqdan sonra stadionu tərk edə bilməyiblər. Fransa tərəfi qonaqların təhlükəsizliyinin təmin olunması üçün bu addımı atıb. Yekunda Almaniya millisinin üzvləri görüş yekunlaşdıqdan 3 saat yarım sonra stadionu tərk ediblər. “Stad de Frans”ın ətrafında baş verən partlayışlar zamanı 3 nəfərin öldüyü qeyd olunur.
 
Fransada baş verən terror hadisələri gələn il bu ölkədə keçiriləcək futbol üzrə Avropa çempionatını da təhlükə altına salıb. Fransa Futbol Federasiyasının prezidenti Noel le Qrit "Ekip" qəzetinə açıqlamasında bu məsələylə bağlı danışıb: "AÇ-2016 ilə bağlı onsuz da narahatlığımız var idi. Dünənki terrordan sonra bu narahatlığımız daha da artdı".
 
2016-cı ilin yayında keçiriləcək Avropa çempionatının oyunları Fransanın Paris, Sent-Etyen, Marsel, Nitsa, Tuluza, Bordo, Lans, Lion və Lill şəhərlərində təşkil olunacaq.
 
Qeyd edək ki, Parisdəki terror hücumunda azı 128 insanın öldüyü, 99-u ağır olmaqla, 250 nəfərin yaralandığı bildirilir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp