“Neftçi”nin icraçı direktoru Elnur Məmmədov və idman direktoru Vəli Qasımov özünü əziyyətə salmasın. Bakılılara yeni baş məşqçi lazım deyil. Klub bəlkə də, bilməyərəkdən son illərin ən doğru seçimini edib. “Neftçi”nin ardıcıl çempionluqları, Avropa Liqasında qrupa düşməsi sizi aldatmasın, “ağ-qaralar” Anatoli Demyanenkodan sonra ən uğurlu seçimini məhz indi edib. Ona görə də Əsgər Abdullayevə “müvəqqəti” gözüylə baxmaq lazım deyil.
Düzdü, yeni təyinat bir az qəribə alındı. Samir Əliyev “Rəvan”a ev məğlubiyyətindən sonra istefa verməli olduğu halda onun göndərilməsini xeyli – bəlkə də ara sakitləşənə kimi – gözlədilər. Elnur Məmmədov Tacikistan seyrini qurtarandan sonra, hamının istirahətə çəkildiyi bir şənbə axşamı isə Müşahidə Şurası toplaşıb qərarını verdi. AZAL-dan sonra daha bir autsayderə yenilgiyə maksimum bu qədər səbr etmək olardı.
Həm də Samir bəy ədəb-ərkanla, heç bir ləkə yaxılmadan, “Pro” kateqoriyası almaq naminə məşqçilik kurslarına diqqət yönəltmək” adı ilə postundan uzaqlaşdırıldı. Əliyev faktiki təcrübəsizliyin qurbanı oldu. Hər nə qədər istedadlı futbolçu olsa da, o, məşqçi kimi belə böyük klubun yükün daşıya bilmədi, çətin zamanda təzyiqlərdə özünü günahkar bildi, yetərsiz heyətlə möcüzə göstərə bilməyincə yerini daha təcrübəli birinə buraxdı.
Əsgər Abdullayev Müşahidə Şurasında 2 vakant yerə 3 nəfərdən biri kimi seçiləndə onun elə baş məşqçi gətirildiyinə dair şübhələr var idi. Və göründüyü kimi, yekun nəticə də belə oldu: Abdullayev uzun müddət şərəfini qoruduğu kluba ilk dəfə məşqçi kimi gəlir. Əsgər bəyin özəlliyi odur ki, o, həmişə əlində olan minimum materialla maksimuma nail olur. Daha zəif klublarla boyundan hündürə tullanan çalışdırıcının gəlişi ilə “Neftçi”nin fərqli olacağına şübhə etməyin. Bəlkə də elə növbəti turdan artıq fərqli nəticələr görəcəyik.
Müvəqqəti olduğu deyilən yeni baş məşqçinin ən böyük problemi qışadək indiki heyətlə mübarizə aparmağa məcbur olmasıdı. Vaxtilə Hans-Yürgen Gedenin baş məşqçi olduğu dönəmdə də “Neftçi”də məsul post tutan Vəli Qasımov həmin ampluasındadı. O zaman da uğursuz transferlərdə baş rolda olan sabiq futbolçu indi də işi yarıtmır. Komandada daha təcrübəli, Azərbaycana gəlmiş ən yaxşı legionerlərin seleksiyaçısı olan Bəxtiyar Musayev qala-qala Elnur Məmmədovun onu yanına salaraq Braziliyaya aparması başadüşülən deyil. Ola bilər ki, Vəli Bəxtiyardan daha uğurlu karyeraya sahibdi, daha tanınan klublarda çıxış edib, amma Musayev “Neftçi” üçün daha çox can qoyub. Bəxtiyar əla seleksiyaçı-məşqçi olduğu halda Qasımov nə məşqçi, nə də idarəçi kimi heç vaxt özünü doğrultmayıb.
Bu məqamı boşuna xatırlatmadım. Çünki Abdullayev məhz Qasımovun seçdiyi işəyaramazlarla yola davam etməlidi. Mixail Peskoviç, Melli, Jairo Rodriges Filyo komandanın buraxdığı əksər qolların əsas səbəbkarıdı. Qapıçının uşaq səhvindən sonra “Xəzər Lənkəran”la oyunda itirilmiş xalları yadınıza salın, müdafiəçilər isə həm meydandan yersiz qovulmaları, həm də bərbad oyunları ilə yadda qalıblar. Xüsusilə son oyundakı yenilgi onların vicdanına yazılmalıdı. Onlar topla davranmaqda, mövqe seçməkdə belə acizdilər.
Qasımovun daha bir tapıntısı Aylton Ferreyra Silva nisbətən yaxşıdı, texnikalıdı, sürətlidi. Ancaq o da həddən artıq top itkilərinə yol verir, vərəqəyə meyllidi, bəzən yersiz hərəkətlər edir. Antonio Quintanın da hücumçu kimi özünü tam doğrultmadığını deyə bilərik. Qol vurmaq bacarığı ilə seçilməyən oyunçu legioner kimi özünü doğrultmur. Daha çox simulyantlığı ilə diqqət çəkən forvard yalnız məhsuldar ötürmələri ilə yadda qalıb.
Qasımovun yarıtmaz tapıntılarının üzərinə “Neftçi”də artıq yükə çevrilən Kaue da Silvanı və bir sıra yerli gəncləri də gəlsək, Əsgər Abdullayevi hansı çətinliyin gözlədiyini görərik. Ona çox çətin olacaq, amma bacaracaq!
FƏRİD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp