“Neftçi”nin cari mövsüm uğursuz çıxış etməsinin səbəblərini araşdırarkən, maraqlı bir tendensiyaya rast gəldik. 2009-cu ildə – "ağ-qaralar" fiaskoya uğradığı mövsümdə komandanın seleksiya işləri ilə veteran futbolçu Vəli Qasımov məşğul olurdu. Üstündən 6 il keçdikdən sonra sabiq hücumçu yenidən bu işə qol qoyub və Hans-Yurgen Gedenin aqibətini bu dəfə Samir Əliyev yaşadı. 
Son illər “ağ-qaralar”ın oyunçu transferi ilə məşğul olan Bəxtiyar Musayev hazırda arxa plana çəkilib. Niyəsini qoy hazırkı rəhbərlik düşünsün. Amma sabiq yarımmüdafiəçi bu gün də rəsmən “Neftçi”nin seleksiya işlərinə cavabdeh şəxsdi. Ancaq rəsmən. Çünki yeni rəhbərlik bu işi faktiki olaraq, Vəli Qasımovun çiyinlərinə qoyub və vaxtilə Rusiya, İspaniya, Portuqaliya kimi ölkələrdə vurduğu qollarla yüzminlərlə futbolsevərin qəlbini fəth etmiş “10 nömrə” ikinci cəhdində də karyerasının əvvəlində şərəfini qoruduğu klubu uğursuzluğa düçar edir.
Heç kimə sirr deyil ki, istənilən komandada aparıcı fiqurlar ölkə xaricindən gətirilən oyunçular sayılır. Gəlin görək “Neftçi”də vəziyyət necədi? Bunun üçün ilk növbədə Qasımovun transferlərini xatırlayaq: Melli, Aylton, Filyo, Anyete, Peskoviç. Üç müdafiəçi, bir qapıçı və 1 hücumçu. 
Peskoviçin nadir hallarda start heyətində peyda olması özlüyündə anlaşılmazdı. Əcnəbini ehtiyatda oturtmaq üçün almaq? Özü də 33 yaşlı Mixal oyunu ilə Aqil Məmmədovun kölgəsində qalmalı olduğunu sübuta yetirib. “Xəzər Lənkəran”la oyunu xatırlatsaq, kifayət edər. Rahid Əmirquliyevin 32 metrdən endirdiyi zərbəyə reaksiya verməyə gecikən qolkiper, faktiki olaraq, komandasını qələbədən etdi.
Lənkəran təmsilçisinə qarşı oyundakı həmin epizodu xatırlayarkən Vəli Qasımovun daha bir “tapıntı”sı Xuan Alberto Mellini “qeyd etməmək olmur”. Məhz onun topun qarşısından başını çəkməsindən sonra Peskoviç “ağ bayraq qaldırmalı” olmuşdu. Bundan öncə də Melli komandasının bir sıra rəqiblərinə sevinc bəxş etməyi “bacarıb”. “İnter”lə 2-ci turda səfərdə qırmızı vərəqə alan müdafiəıçi 4-cü turda “Rəvan”la oyunda faktiki olaraq, komandasının qapısına qolu gətirən isim olmuşdu.
Yeni gələnlər arasında az-çox xoş sözə layiq Ayltondu ki, bu futbolçunun da intizamsızlığı bütün müsbət xüsusiyyətlərinin üzərindən xətt çəkir. Üç dəfə sarı vərəqəylə cəzalandırılan braziliyalı, bir dəfə də meydandan qovulub. Nəzərə alsaq ki, çempionatın hələ 1/3 hissəsi arxada qalıb, Ayltonun “özfəaliyyəti”nin necə də zəngin olacağını təsəvvür etmək çətin deyil.
Jayro Filyo da Vəli Qasımova dividend qazandırmayıb. Dəfələrlə onun kobud səhvlərinə şahidlik etmişik. Ən “parlaq nümunə”si isə AZAL-la oyunda yaşanıb. Hesab 1:1 olarkən, məhz Filyonun “qoçaqlığı” sayəsində “Neftçi”nin qapısına penalti təyin edilib, müdafiəçi özü isə meydandan qovulub.
Antonio Quinya və ya sadəcə, Anyete. Bu futbolçunu məhəllə dili ilə “cığal” adlandırmaq olar. Hamıyla mübahisəyə girişir, qol epizodlarını saga-sola xərcləyir, sarı vərəqələri sıralayır. Bütün bunlara göz yummaq olardı… əgər Anyete məhsuldarlığı ilə seçilsəydi. Arxada qalan 12 tur ərzində hücumçu, özü də əcnəbi qol vurmayıbsa, çantasını qoltuğuna vurub yola salmaqdan başqa çarəsi yoxdu.
Vəli Qasımov həqiqətən də güclü hücumçu olub. Onun insani xüsusiyyətləri haqda da ancaq xoş sözlər demək olar. Amma reallıq budu ki, seleksiya işinin öhdəsinən gəlməyi bacarmır. Bunu biz demirik, faktlar söyləyir.
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp